CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sağlamlıq, ticarət, iqtisadiyyat, indi də din - Cümə namazları təxirə salına bilər...

Qafqaz Müsəlmanları İdarəsi koronavirusla bağlı məscidlərə, məscid rəhbərlərinə və imamlara xüsusi tapşırıqlar verib.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) virusuna yoluxma faktının qeydə alındığını təsdiq etdi. Məlumata görə, virus Azərbaycana İrandan gələn Rusiya vətəndaşından aşkar edilib.

TƏBİB rəsmisi koronavirusa yoluxma barədə: "Astara, Cəlilabad və Qobustanda..."

Bu, bir daha ölkə əhalisini daha bütün sahələrdə diqqətli olmağa, gigiyenik qaydalara əməl etməyə çağırır.

İnsanların ən çox kütləvi şəkildə olduğu məkanlardan biri də məscidlər və ziyarətgahlardır. Cümə namazları, eyni məkanlarda dəstəmaz və namaz prosesləri xəstəliyin yayılmasını qaçılmaz edir.

Bəs məscidlərdə və ziyarətgahlarda vəziyyət necədir?

Qafqaz Müsəlmanları İdarəsi koronavirusla bağlı məscidlərə, məscid rəhbərlərinə və imamlara xüsusi tapşırıqlar verib.

Bu barədə REAL TV-yə QMİ-nin sədr müavini Fuad Nurullayev məlumat verib. O bildirib ki, insanlar kütləvi şəkildə gəlib Cümə namazlarında iştirak edir:

“Bacardıqları qədər təmasda olmamağa çalışsınlar. Bəzən adi bir haldan böyük ajiotaj yarana bilir. Biz gigiyenik tədbirlərə xüsusi şəkildə riayət edilməsini istəyirik. Müəyyən insanlar var ki, səcdə zamanı möhürə baş vurur. Əgər imkanları varsa, hərə öz möhürünü evindən gətirsin. Bununla da hansısa şübhələrin yayılmasının qarşısını alsınlar”.

F. Nurullayev həmçinin təxirə salınan Ümrə ziyarətindən də danışıb. Onun sözlərinə görə, idarənin nümayəndəsi Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiriylə görüşüb: “Səudiyyə Ərəbistanının koronavirusla bağlı Ümrə ziyarətinə gedişin müvəqqəti dayandırılması məsələsi müzakirə edilib. Bu müvəqqəti xarakter daşıyır. Mütəxəssislər deyir ki, havalar istiləşəndə virusun yayılması minumum səviyyədə olur. Səudiyyə Ərəbistanında istilər tez başlayır. Yəqin ki, havalar istiləşəndən sonra ziyarət yenidən bərpa ediləcək. Məsələ Azərbaycan dövlətinin ciddi nəzarəti altındadır. Ölkənin müxtəlif ərazilərində qabaqlayıcı dezinfeksiya işləri görülür”.

Nazirdən məsləhət: "Özünüzdə koronavirus əlamətləri tapsanız, həkimə getməyin"

"Əjdərbəy" məscidinin axundu Hacı İlham Səlimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi və din xadimləri bir araya gələrək yekdil olaraq, məscidlərə gələnləri gigiyenik qaydalara əməl etmək barədə məlumatlandırır.

"Məscidlərdə, dəstəmazxanalarda sabunlar qoyulub, eyni zamanda məscidlər dezinfeksiya edilib. Ziyarətgahlarda iş gedir. Biz də öz növbəmizdə əhalini məlumatlandırırıq. Ajiotaj yaranmasının qarşısını almağa çalışırıq. Biz çalışırıq ki, camaat maariflənsin", - deyə axund bildirib.

Onun sözlərinə görə, məscidlərdə möhürlər, canamazlar 10 gündən bir yenilənir. Qabaqlayıcı tədbirlər görülür: "Möhürlərdən yoluxma halının baş verəcəyini düşünmürəm. Çünki bu, müqəddəs torpaqdır. Allah özü xalqımıza kömək olsun".

Səlimov həmçinin bildirib ki, əgər xəstəlik kütləviləşərsə, yəqin o zaman cümə namazları üçün də bir yol tapılar, ayin müəyyən qədər yüngülləşər, lazım olsa müəyyən müddətə təxirə də salınar: "Burada şəriət baxımından heç bir qəbahət yoxdur. Amma inanmıram belə bir hal baş versin".