BAKI, 28 fevral — Sputnik. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin koronavirusun yayılması xəbərləri fonunda qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə qaynar xətti fəaliyyətə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Limanından Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, dünya üzrə koronavirusun yayılması xəbərləri fonunda Bakı Limanı ərazisində mövcud nəzarət buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Limana daxil olan sərnişinlər Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə xüsusi avadanlıqlar vasitəsilə yoxlanılır.
Məlumata əsasən, liman və Komitə əməkdaşları müvafiq mühafizə preparatları ilə təmin olunub, sərnişinlərin keçid məntəqələri vaxtı-vaxtında dezinfeksiya olunur. Səhiyyə Nazirliyinin təcili tibbi yardım avtomobilləri ərazidə daim fəaliyyət göstərir.