CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu avtobuslar dezinfeksiya olunur

Dezinfeksiya vasitələri isə bir neçə saatdan sonra insanlarda diskomfort, əlavə təsirlər yaratmır. Səhər marşruta buraxılan avtobuslar tam gigiyenik və təmizdir.
Sputnik

BAKI, 28 fevral — Sputnik. Bakı Nəqliyyat Agentliyi tərəfindən kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a məlumat verib.

O bildirib ki, gecə saatlarından reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslar xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya olunub: "İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə hava limanı ekspress xətt avtobusları da dezinfeksiya edilib. Qeyd edim ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarına əsasən gündəlik olaraq, avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan az olmamaq şərti ilə avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyə qurumunun tövsiyəsi olarsa, bu halda həm avtobuslarda, həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər. Eyni zamanda bildiririk ki, Bakı Nəqliyyat Agentliyi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində də dezinfeksiya işləri aparır. İşlər hər həftənin şənbə günü, gecə saatlarında olur. Burada da əsas məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir. "Bakubus" MMC-də avtobuslarda kəskin respirator xəstəliklərə qarşı dərmanlama işləri aparılır".