CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qul bazarı"ndakı qadınlardan nazirliyin təklifinə qarşı tələb

Hazırda onların münasib işlərlə təmin edilmələri, bir qisminin yaşadıqları ərazi üzrə özünüməşğulluq proqramına cəlb olunmaları üçün işlər davam etdirilir
Sputnik

BAKI, 27 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Maştağa qəsəbəsindəki "Qadınların fəhlə bazarı" ilə bağlı daha bir məlumat açıqlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a bildirib ki, qadınlara ödənişli ictimai işlər proqramı əsasında, istərsə müxtəlif müəssisələrdə vakant iş yerlərində göndəriş əsasında işləmək təklif olunub: "Onlara bildirildi ki, çalışacaqları iş yerlərində əmək haqları, digər ailə gəlirləri ailə ehtiyaclarına yetərli olmayacağı təqdirdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət də edə bilərlər.

Müxtəlif KİV-lərə müsahibələrində daimi iş tapmaqda çətinlik çəkdikləri üçün məcbur qalıb günəmuzd işlərə getdiklərini, bu işlərlə çox az qazanc əldə etdiklərini, hətta bəzi günlər heç bir gəlirləri olmadığını bildirsələr də, xanımlar bizə yalnız aylıq 600-1000 manat maaş müqabilində işləyə biləcəkləri şərtini ifadə ediblər".

F.Talıbov qeyd edib ki, hazırda onların münasib işlərlə təmin edilmələri, bir qisminin yaşadıqları ərazi üzrə özünüməşğulluq proqramına cəlb olunmaları üçün işlər davam etdirilir.