Nazirdən məsləhət: "Özünüzdə koronavirus əlamətləri tapsanız, həkimə getməyin"

Avstriyada yeni tip koronavirusa yoluxanların sayı beşə çatıb, onlardan üçü Vyanadadır. Avstriyanın Kansleri Sebastyan Kurts cümə axşamı ölkənin Daxili İşlər və Səhiyyə nazirliklərinin başçıları, eləcə də Yuxarı Avstriya torpağının rəhbəri ilə görüş keçirib
Sputnik

BAKI, 27 fevral — Sputnik. Avstriyanın səhiyyə naziri Rudolf Anşober insanlara özlərində yeni tip koronavirusun səbəb olduğu xəstəliyin simptomlarını aşkarladıqda həkimə getməməyi, təcili yardım çağırmamağı məsləhət görüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nazir bunların əvəzinə xüsusi yaradılmış qaynar xəttə zəng vurmağı tapşırıb, onun fikrincə, bu yolla xəstəliyin yayılmasının qarşısını almaq olar.

Avstriyada yeni tip koronavirusa yoluxanların sayı beşə çatıb, onlardan üçü Vyanadadır. Avstriyanın Kansleri Sebastyan Kurts cümə axşamı ölkənin Daxili İşlər və Səhiyyə nazirliklərinin başçıları, eləcə də Yuxarı Avstriya torpağının rəhbəri ilə görüş keçirib.

"Əgər əlamətləri aşkarlamısınızsa, bu halda qətiyyən həkim çağırmayın, təcili yardıma zəng vurmayın, 1450 nömrəsini yığıb konkret sizin halınızda nə edəcəyinizlə bağlı məsləhət alın. Bu, virusun daha çox yayılmasının qarşısını almaqda həlledici rol oynayır", - Anşober mətbuat konfransında deyib.