BAKI, 25 fevral — Sputnik. Parisdə hərracda Rubikin kublarından düzəldilən "Mona Liza" yarım milyon avroya satılıb.
Sputnik Azərbaycan bildirir ki, onun müəllifi, "Invader" ləqəbli məşhur fransız küçə rəssamı Leonardo da Vinçinin şah əsərini yaratmaq üçün 330 Rubik kubundan istifadə edib. Rəssam öz əsərini 150 min avroya satacağını güman edirmiş. Alqı-satqı nəticəsi onun gözləntilərini aşıb - əsər 480 min avroya satılıb.
"Müəllif incəsənət əsərləri arasında ən parlağını seçib, onun haqqında çox danışılıb, ona aid xeyli interpretasiya mövcuddur. Müəllif küçə rəssamlığı ilə möhtəşəm klassik əsəri ustacasına birləşdirə bilib", - auksioner Arno Oliveks bildirib.
"Invader" bu əsəri hələ 2005-ci ildə yaradıb. Onun satışı isə əsl "Mona Liza"nın olduğu Luvr muzeyində Leonardo da Vinçinin əsərlərinin sərgisinin bağlanışı ilə üst-üstə düşüb.