SƏHİYYƏ

Qapımızı hələ açıq qoymuşuq – Virusu ayağımızla gətiririk

Təhlükəli olsa da, Azərbaycanla İran arasında sərnişindaşıma davam edir. Bakı-Ərdəbil reysi üzrə həftədə üç dəfə olmaqla İrana sərnişin daşınır. Bakı-Təbriz reysi üzrə isə sərnişinlər hər gün daşınır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Bəzi ölkələr koronavirusun yayıldığı İranla sərhədləri bağlasa da, Azərbaycanla İran arasında gediş-gəliş əvvəlki həcmdə olmasa da, hələ də davam edir. İranda bu qorxulu virusa yoluxanların sayının günü-gündən artması ölkəmizdə narahatçılığı daha da artırır. Ən çox narahatlıq yaradan məqam isə qonşu dövlətlərin hamısının İranla sərhədi tam bağlamasına, bir çox digər dövlətlərin isə İranla bütün nəqliyyat daşımalarını kəsməsinə baxmayaraq, bizdə hələ də gözləmə mövqeyi tutulması ilə bağlıdır.

Koronavirus qurban tələb edir: Çin, İran və İtaliyadan son məlumatlar

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar yayılsa da, həqiqəti əks etdirmir. Onun sözlərinə görə, İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm daşımalar üzrə heç bir dəyişiklik edilməyib: "Sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq".

Göründüyü kimi təhlükəli olsa da, Azərbaycanla İran arasında sərnişindaşıma davam edir. Bakı-Ərdəbil reysi üzrə həftədə üç dəfə olmaqla İrana sərnişin daşınır. Bakı-Təbriz reysi üzrə isə sərnişinlər hər gün daşınır. Sputnik Azərbaycan belə halda virusun ölkəmizə sərnişindaşıma vasitəsilə keçmə ehtimalını araşdırıb.

Azərbaycanda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı artdı

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, virusun yayıldığı ərəfədə ictimai nəqliyyatda dezinfeksiya tədbirlərinin gücləndirilməsi vacibdir: "Biz ancaq Bakı şəhərində dezinfeksiya tədbirləri aparırıq. Avtobuslarda dezinfeksiya üçün adətən daşıyıcılar təmizlik şirkətləri ilə müqavilə bağlayırlar. Bizim tərəfimizdən avtobuslar dezinfeksiya edilmir. Əgər avtobus koronavirusun yayıldığı ölkəyə sərnişindaşıma həyata keçirdirsə, mütləq şəkildə dezinfeksiya olunmalıdır. Bundan əlavə, həmin avtobuslarda əl tutan yerlər qarışıq məhlulla silinməlidir".

A. Məmmədov bildirir ki, dezinfeksiya virusun yayılmasının qarşısını müəyyən qədər alsa da, əsasən sərnişinlər özləri gigiyenik qaydalara əməl etməlidirlər: "Dezinfeksiyadan əlavə, hər bir insan gigiyenik qaydalara əməl etməlidir. Əllər gündə bir neçə dəfə yuyulmalı və maskadan istifadə edilməlidir. Bir sözlə hər kəs bu virusdan qorunmaq üçün lazımi gigiyenik tələblərə əməl etməlidir. Əks halda avtobusların dezinfeksiyası ilə virusun yayılmasının qarşısını almaq mümkün deyil".

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib ki, İrana gedən avtobusların dezinfeksiya olunması ilə iş bitmir: "İrana gedən avtobusların dezinfeksiyası həmin avtobusda gedib-gələn sərnişinləri bu virusdan sığortalamır. Çünki insanlar yox, avtobuslar dezinfeksiya olunur. Xəstəliyin gizli dövrü var. Həmin dövrdə bu virusun yayıldığı ölkəyə gedən hər bir şəxs koronavirusa yoluxa bilər. Virus avtobusa düşürsə dezinfeksiya nəticəsində məhv olur. Amma insana keçən virusun yayılmasının qarşısını almaq çətindir. Ən yaxşı qorunma yolu bu xəstəliyin yayıldığı ölkələrə getməməkdir".

Koronavirus: özümüzü və başqalarını necə qoruya bilərik?

İ.Ağayev deyir ki, bəzi insanlar virusun yayıldığı ölkəyə tibbi maska ilə getməklə özlərini koronavirus təhlükəsindən qoruduqlarını zənn edirlər: "Amma unutmaq lazım deyil ki, həmin maskalar bioloji maska deyil. Bu filtrdən virusun keçmə ehtimalı var. Yəni maskalardan istifadə tam zəmanət vermir. Əsas gigiyenik tələblərə əməl etmək, bu virusun yayıldığı yerlərdən uzaq durmaqdır".

Qeyd edək ki, Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib. Nazirlər Kabinetindən verilən məlumatda bildirilir ki, epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür. Həmin tarixdən başlayaraq bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb.

Bakıda iki nəfər koronavirusa görə xəstəxanaya yerləşdirildi

Son günlər İran İslam Respublikasında koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən, keçid prosedurlarının sürəti azalıb. Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir. İran İslam Respublikasında yaranmış vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunur. Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var.