Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 25 fevral — Sputnik. Artıq bir neçə gündür ki, Azərbaycanda tibbi maskaların qiymətinin qalxdığı müşahidə olunur. Sputnik Azərbaycan-ın xəbərinə görə, paytaxt apteklərində qoruyucu maskaların qiyməti ötən həftənin sonlarından etibarən 10 qəpikdən 20 qəpiyədək qalxdı. Dünəndən etibarən isə bəzi aptkelərdə maskaların qiymətinin 60-70 qəpik arasında dəyişildiyinin şahidi olduq. Bundan başqa, bir çox apteklər maska və sipirtin olmadığından gileylənirlər.
Qeyd edək ki, N95/FFP3 beynəlxalq standartlı xüsusi maskalar virusdan qorunmaq üçün digərləri ilə müqayisədə daha faydalıdır. Tibb üzrə mütəxəssislər də bildirir ki, əməliyyat masalarında istifadə olunan sadə maskalar virusdan qorumur. N95 tipli maskalar isə digərləri ilə müqayisədə daha qalın və etibarlıdır.
Sputnik Azərbaycan-ın apteklər arasında təşkil etdiyi sorğudan da bu qənaətə gəlmək olar.
"Bizdə nə N95, nə də sadə maskalar var. Sadə maskalar dünən qurtardı. Alıcılıq yüksək olsa da, depodan bizə verilən məlumatda maskaların olmadığı deyildi. Ümid edirik ki, sabah olar. İki gün öncə adi maskalar 20 qəpiyə satılırdısa, dünən bu maskaların qiyməti 60 qəpik olub. Lakin ötən həftənin əvvəlində maskaların qiyməti 10 qəpik idi", - aptekdən verilən məlumatda bildirilib.
Apteklərdən verilən məlumatda maskaların onlara baha gətirldiyi, məhz bu səbəbdən də 60 qəpiyə satmaq məcburiyyətində qaldıqları deyilir. Bundan başqa depoda maska ilə yanaşı spirtin də olmadığı deyilir. Əlaqə saxladığımız apteklərdən əldə etdiyimiz ümumi qənaətə görə, maskadan fərqli olaraq hələlik spirtin qiymətində artım olmadığını söyləmək olar.
Bəzi apteklərdə isə adambaşına verilən maskaların da sayında limit var. "Hələlik ki, bizə dəqiq olaraq bir məlumat verilmıəyib ki, spirt və maska nə zaman gətiriləcək. Biz də məlumatsızıq", - deyə digər aptekdən verilən məlumatda bildirilib.
Əsas depolardan biri olan "Avromed"lə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməyə çalışsaq da, bizə məsul şəxsin ölkədən kənarda olduğu, bu səbəbdən də heç bir məlumat verə bilmədikləri deyildi. Yəni, depoda maska və spirt varmı, sualına, "hə-yox" cavabı ala bilmədik.
Qeyd edək ki, bir neçə gün öncə maskaların qiyməti ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə araşdırmalar aparılır. Qeyd olunub ki, qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Xatırladaq ki, bir neçə gün öncə Baş Nazir Əli Əsədov bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən çıxarılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb. Qərarda qeyd edilir ki, əsasən yeni koronavirus xəstəliyinin (COVID-2019) dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib.