Adi maskalar koronavirusdan qoruyurmu, yaxud da N95 tipli maskalar niyə tapılmır?

Uilyam Şaffner (William Schaffner) deyir ki, adi qrip və virus zamanı insanlar sadə maskalardan istifadə etslər də, bu gün dünyada tüğyan edən dəhşətli koronavirusla mübarizə və ondan qorunmada bu maskaların təsiri yoxdu
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. "Maskalar qoruyurmu?" sualı son günlər nəinki Azərbaycanda, eləcə də bütün dünyada ən çox müzakirəyə səbəb olan mövzulardan biridir. Bir çox ekspertlər adi, sadə, nazik maskaların heç bir qoruyucu təsirə malik olmadığını deyir. Bu səbəbdən də virus təhlükəsi olan ölkələrdə respirator maskalara daha çox üstünlük verilir. N95/FFP3 beynəlxalq standartlı xüsusi maskalar virusdan qorunmaq üçün digərləri ilə müqayisədə daha faydalıdır. Tibb üzrə mütəxəssislər də bildirir ki, əməliyyat masalarında istifadə olunan, sadə maskalar virusdan qorumur. N95 tipli maskalar isə digərləri ilə müqayisədə daha qalın və etibarlıdır. Bu maskaların hazırlanması üçün hər il mütəxəssislər yeni biliklərə yiyələnir və kənardan havanın içəriyə, yaxud da içəridən çölə çıxmasının qarşısı alınır.

Vanderbilt Universitetinin Tibb Mərkəzinin infeksionisti, tanınmış alim Uilyam Şaffner (William Schaffner) deyir ki, adi qrip və virus zamanı insanlar sadə maskalardan istifadə etslər də, bu gün dünyada tüğyan edən dəhşətli koronavirusla mübarizə və ondan qorunmada bu maskaların təsiri yoxdur:

"Bu gün siz Çin və Yaponiya kimi ölkələrdə sadə maska taxan birini görə bilməzsiniz. Virusdan qorunmaq, onun geniş yayılmasının qarşısını almaq üçün adi qrip olan şəxslərə belə tövsiyə edərdim ki, xəstələr sadəcə olaraq adi maska ilə kifayətlənməsin, eyni zamanda da ictimai yerlərdən qaçmağa çalışsınlar. Xəstə olan şəxslər evdə olsalar, qapalı şəraitdə qalaraq müalicə alsalar, daha yaxşı olar".

Alim bu cür maskaların onlayn alışının da təhlükəli ola biləcəyini deyir.

İqtisadiyyat Nazirliyi maskaların qiyməti ilə bağlı məlumat yaydı

Baş infeksionist Cəlal İsayev də Sputnik Azərbaycan-a açıqlamasında sadə maskaların kəskin virusla mübarizədə qoruyucu funksiya daşımadığını deyib:

"Hazırda satışda olan sadə maskalar 100 faiz qoruyuculuq təsirinə malik deyil. Çünki birqat maskalar daha zəif qoruyuculuq funksiyasına malikdir. Lakin bundan fərqli olaraq, təkmil maskalar da var ki, onlar ağız-burun nahiyəsini örtür. N95 respirator maskaların taxılması tövsiyə olunur. Lakin bu da olmayan yerdə birqat maskaların taxılması vacibdir. Çünki belə olan halda, heç olmasa, xəstə şəxsin ağzından qopan iri damcılar maskada ilişib qalacaq. Yaxud da xəstəlikdən qorunmaq üçün biz özümüz bu maskaları taxsaq, o zaman yoluxma ehtimalımız azalacaq. Maskadan imtina etməməliyik, əksinə, istifadə etmək məsləhətdir".

Bəs, maraqlıdır, Azərbaycanda N95 maskalar varmı?

Sputnik Azərbaycan bir neçə yerli apteklə əlaqə saxlayaraq bu sualı onlara ünvanlayıb. Apteklərin əksəriyyəti birmənalı olaraq, N95 tipli respirator maskaların onlarda olmadığını, buna qədər ümumiyyətlə belə maskaların satışının həyata keçirmədiklərini bildirib. Yalnız Heydər Əliyev sarayının arxasında yerləşən apteklərdən biri onlarda N95 tipli maskaların olduğunu qeyd edib.

İsayev də öz növbəsində bildirib ki, Azərbaycanda N95 tipli repirator maskaların satışı həyata keçirilir. Lakin həkim hazırda apteklərdə nəinki N95, eləcə də digər maskaların azaldığını, qiymətlərin isə qalxdığını qeyd edib.

Baş infeksionist virusdan qorunmaq üçün tez-tez əllərin yuyulması, spirtlənməsi, ictimai yerlərdən, sıxlıqdan uzaq olmağı tövsiyə edir. Bundan başqa, o, mənşəyi məlum olmayan su mənbələrindən istifadə etməməli, qidalanmağımıza fikir verməli, immuniteti artıracaq qidalara üstünlük verməli olduğumuzu deyib.