SƏHİYYƏ

Koronavirus bu ölkələrə də çatdı

ÜST-ün məlumatına görə, Çindən kənarda yoluxma hallarının sayı 1769-a çatıb, 17 nəfər dünyasını dəyişib
Sputnik

BAKI, 24 fevral — Sputnik. Küveytdə üç nəfərdə, Bəhreyn, İraq və Əfqanıstanın hərəsində bir nəfərdə yeni tip koronavirus (COVID-19) aşkar edilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Küveyt və Bəhreyndəki xəstələr bu yaxınlarda İrandan qayıdıblar. İranda 47 koronavirusa yoluxma faktı qeydə alınıb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkənin mərkəzi hissəsində (Hubey əyaləti) yerləşən Uhan şəhərində naməlum pnevmoniyanın yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər. ÜST bu koronavirusun yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal elan edib və xəstəliyə rəsmi olaraq "COVID-19" adını verib.

Çində koronavirusa yoluxmuşların sayı artıq 77 min nəfəri ötüb. Xəstəlik ölkədə 2592 nəfərin ölümünə səbəb olub. Lakin 24 mindən çox insanın sağaldığı bildirilir.

ÜST-ün məlumatına görə, Çindən kənarda yoluxma hallarının sayı 1769-a çatıb, 17 nəfər dünyasını dəyişib. Koronavirusdan ölüm halları artıq İran və İtaliyada da qeydə alınıb.