BAKI, 24 fevral — Sputnik. "AzerGold" QSC-nin İdarə heyətinin sədri dünyanı cənginə alan koronavirusun qızıl və digər əlvan metalların qiymət artımına münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, İdarə heyətinin sədri Zakir İbrahimov deyib ki, dünya birjalarında qızılın və digər əlvan metalların qiyməti həm tələbat, həm də digər geosiyasi vəziyyətlərə bağlı olaraq dəyişir: "Hazırda dünya birjalarında qızılın qiymətində artım müşahidə edilir. Buna səbəb də investorların qızılı ehtiyat üçün almasıdır. Məhz bu, tələbatı artırıb. Biz 2020-ci il üçün büdcəni formalaşdıranda bir neçə qiymət proqnozlaşdırmışdıq. Hazırda isə qızılın qiyməti bizim proqnozlarımızdan yuxarıdır".