CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 3000-ə yaxın iş yeri açılacaq

Göygöl rayonunda Ağyoxuş və Tülallar sahəsi, Daşkəsən rayonunda Çovdar yatağının yeraltı hissəsinin istismarı, Balakən rayonunda Filizçay layihəsinin işə salınması zamanı 3000 nəfərə yaxın yeni iş yerləri açılacaq
Sputnik

BAKI, 24 fevral — Sputnik. 2019-cu il ərzində bütün sahələr üzrə ümumilikdə 47 min metrdən çox buruq-qazma işləri aparılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

O qeyd edib ki, bu rəqəm ölkə üzrə dağ-mədən sahəsi üzrə maksimal göstəricidir: ""AzerGold" QSC qısa bir müddət ərzində mədənçıxarma və geoloji-kəşfiyyat sahələrinin uğurlu inteqrasiyasına nail olub. Cari ildə yeni yataqlar üzrə ümumilikdə əlavə 50 min metrədək dərinlikdə buruq-qazma işlərinin aparılması öhdəlik kimi qoyulub. Aparılan kəşfiyyat işləri nəticəsində Cəmiyyətin əlvan metal ehtiyatları beynəlxalq standartlara əsasən, 20 dəfədən çox artırılıb. Həmin ehtiyatların hasil edilərək ixrac edilməsi ölkə iqtisadiyyatına milyardlarla manat həcmində vəsaitin daxil olması deməkdir. Lakin, hamıya məlum olduğu kimi, qeyd edilən iri layihələrin icrası müvafiq maliyyə vəsaiti tələb edir ki, bu məqsədlə biz həm yerli, həm də beynəlxalq maliyyə institutlarından maliyyələşmənin cəlb edilməsini planlaşdırırıq. Bunun üçün isə şirkətin öz nizamnamə kapitalı da müvafiq səviyyədə olmalıdır. "AzerGold" QSC isə fəaliyyətə 2 milyon manat ilkin kapitalla başlayıb. Qeyd etdiyim bu layihələrin işə salınması üçün nizamnamə kapitalımız artırılaraq 37 milyon manata çatdırılıb".

Koronavirus qızılı da vuracaq?

Sədrin sözlərinə görə, ötən ildə Cəmiyyətin qısa və uzunmüddətli inkişaf strategiyasının hazırlanmasına başlanılıb: "Bu məqsədlə prosesə nüfuzlu beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Bizim komandamız məsləhətçilərlə birlikdə şirkətin potensial inkişaf mənbələrinin təyin edilməsi üzrə müvafiq işlərin görülməsinə başlayıb. Bu sənədin hazırlanması həmçinin dünya bazarında əlvan metallara olan tələbatı müəyyən etməyə və bu məlumat əsasında hasilat prioritetlərini müəyyənləşdirməyə xidmət edəcək ki, bu da layihələrin iqtisadi səmərəliliyini dəfələrlə artıracaq.

Bu prosesdə 1000-dən artıq beynəlxalq şirkətin təcrübəsindən yararlanacağıq. Məqsədimiz mədən şirkətindən sənaye şirkətinə çevrilmək, paralel olaraq yan sahələrin inkişafına nail olmaqdır. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə mövcud bütün qiymətli və əlvan metal filizi yataqları ilə bağlı məlumatlar arxivini yeniləyirik. Bu bizə qiymətli və əlvan metal filizi yataqlarının tədqiq edilməsi, kəşfiyyatı və idarə olunmasında effektivliyin və iqtisadi səmərəliliyin artırılmasına kömək edəcək. Prosesin ilkin mərhələsində mövcud bütün arxiv sənədləri elektronlaşdırılacaq. Eloktronlaşma prosesi aprel ayının 1-dək tam yekunlaşdırılacaq. Daha sonra bu məlumatların vahid rəqəmsal bazası yaradılacaq. Növbəti mərhələdə iqtisadi səmərəlilik nəzərə alınmaqla, yataqların işlənmə prioritetləri müəyyənləşdiriləcək".

Z.İbrahimov deyib ki, 2025-ci ildən etibarən yataqların bir neçə dəfə artması proqnozlaşdırılır: "Eyni zamanda, Cəmiyyətin fəaliyyəti nəticəsində 2017-2018-ci illər ərzində Daşkəsən rayonu üzrə sənaye məhsulunun dəyəri 2016-cı ilə nisbətdə 70 dəfə artıb və Daşkəsən rayonu müvafiq göstərici üzrə respublikanın şəhər və rayonları arasında ilk onluğa daxil olub. Ölkənin aparıcı qızıl hasilatçısı və ixracatçısı kimi yerli bazarda da Azərbaycan qızılı və gümüşündən hazırlanan məhsulların təqdim edilməsinin vacibliyini nəzərə alaraq, ötən il ölkənin pərakəndə bazarında müvafiq məhsulların satışına başladıq. Sözügedən məhsullar Çovdar mədənindən hasil edilən qızıl və gümüşdən hazırlanır. 999.9 əyarlı külçə və sikkələr 5, 10 və 20 qramlıq çəkilərdədir. Hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilir.

"Keyfiyyətə nəzarət sistemləri yoxdur" - "AzerGold" QSC-nin sədri

Burada bir daha qeyd etmək lazımdır ki, "AzerGold" QSC-nin təyinatı qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi və tədqiqi, metalların hasilatı və beynəlxalq birjalarda satışının təşkilindən ibarətdir. Daxili bazara çıxardığımız hazır məhsulların maliyyə baxımından dəyərini yuvarlaqlaşdırsaq, "AzerGold"un ümumi dövriyyəsinin 1%-ni belə əhatə etmir. Bunu deməkdə məqsədim odur ki, həyata keçirdiyimiz bu layihə məhz mədəniyyətimiz, incəsənətimiz və tariximiz, bir sözlə, milli dəyərlərimizin təbliğinə yönəlib. Üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının Çələbi naxışı əks olunmuş məhsullar məhz bu məqsədə xidmət edir. Digər məqsədimiz isə ilk növbədə yerli istehsalın dəstəklənməsi və yerli məhsulun təşviq edilməsidir. Məhz buna görə də məhsullar minimal mənfəət nəzərə alınmaqla yerli bazara çıxarılıb".

Onun sözlərinə görə, hazırda Cəmiyyət üzrə inzibati idarə də daxil olmaqla 342 nəfər çalışır ki, onlardan 78 nəfəri Daşkəsən, 66 nəfəri Gəncə və ətraf bölgələrin sakinləridir: "Cəmiyyətin fəaliyyət göstərdiyi sahələrdə podratçılar üzrə 421 nəfər işçi fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, Göygöl rayonunda Ağyoxuş və Tülallar sahəsi, Daşkəsən rayonunda Çovdar yatağının yeraltı hissəsinin istismarı, Balakən rayonunda Filizçay layihəsinin işə salınması zamanı 3000 nəfərə yaxın yeni iş yerləri açılacaq".