CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin köməkçisi Paşinyanın bəyanatı barədə danışdı

"Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, Ermənistanın münaqişə ilə əlaqədar baxışları tamamilə destruktiv xarakter daşıyır"
Sputnik

Eldar Tanrıvediyev, Spurnik Azərbaycan

BAKI, 24 fevral - Sputnik. “Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın Baş naziri arasında debat təşkil olundu. Hər bir vətəndaşımız, eyni zamanda dünya ictimaiyyəti canlı yayımlanan debatda Ermənistanın ifşası, xüsusən də Paşinyanın özünü utanc vəziyyətinə salmasının bir daha şahidi oldu”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında koronavirus təhlükəsi ilə bağlı Azərbaycanın İranla sərhədləri bağlaması ehtimalına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistanın münaqişənin həlli ilə bağlı irəli sürdüyü əsasız iddiaların və yalanların tamamilə ifşa olunmasının bir daha da şahidi olduq: “Ermənistanın Baş naziri özünü biabırçı və utanc formada təqdimatından sonra ölkəsinə qayıdaraq müxtəlif cəfəng, əsassız fikirlərlə özünə bəraət qazandırmağa çalışır.

Ermənistan ictimaiyyəti, bu ölkənin ictimai-siyasi xadimləri bu məsələ öz münasibətlərini bildirdilər. Paşinyanın timsalında Münhen Təhlükəsizlik Konfransında bir utanc yaşamalarını özləri etiraf etdilər. Bu özlüyündə bir daha göstərdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın qətiyyətli, birmənalı və münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyi əsaslı bir şəkildə Münhen Təhlükəsizlik Konfransı kimi mötəbər və vacib bir tədbirin tribunasından istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, Ermənistanın münaqişə ilə əlaqədar baxışları tamamilə destruktiv xarakter daşıyır. Ermənistanın məqsədi yalnız işğala əsaslanan status-kvonu saxlamaqdan ibarətdir. Həmçinin Ermənistanın iddia etdiyi bu tezislər yalandan başqa bir şey deyildi. İndi də Paşinyan başda olmaqla bəzi erməni rəsmiləri özlərinin bu cəfəng fikirlərini, utanc vəziyyətlərinə bəraət qazandırmaq üçün uğursuz cəhdlər edirlər”.