Azərbaycanda qədim məzarlar aşkarlanıb

Beç ay davam edən arxeoloji qazıntılar zamanı aşkarlanan 156 qəbirdən 6000-dən çox eksponat tapılıb.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. "Ümumi fəaliyyət göstərdiyimiz zaman ərzində təhlükəsiz iş saatlarının sayı 1,5 milyon saat təşkil etmişdir. Bu, 3 ildir ki fəaliyyət göstərən bir müəssisə üçün olduqca yüksək göstərici hesab olunur. Nəzərinizə çatdırım ki, ekoloji siyasət "AzerGold" QSC-nin fəaliyyətində əsas prioritetlərdəndir. Məsələn, mövcud ekoloji monitorinq proqramı çərçivəsində hava, su və torpaq nümunələri mütəmadi olaraq yoxlanılır. Mədən ərazisində formalaşan tullantıların idarə olunmasına mütəmadi nəzarət olunur. İl ərzində ərzində 660 kub metr təhlükəli tullantı utilizasiya olunması üçün Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzə, 368 kub metr bərk məişət tullantısı isə Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına təhvil verilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "AzerGold"un idarə heyətinin sədri Zakir Ibrahimov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Çovdar mədəni ərazisində yaşıllıqların artırılması məqsədilə ümumilikdə 8000-dən çox ağac əkilmişdir. Ötən ilin payız mövsümündə "Regional İnkişaf" İctimai Birliyi və "İDEA" İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində yaşıllaşdırma layihəsinə start verilmiş, təqribən 100 min ədəd palıd toxumunun aqrotexniki qaydalara uyğun şəkildə mədən ərazisində əkilməsi yerinə yetirilmişdir. Hesabat dövrü ərzində yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilib: "Ötən il istehsalat nəticəsində formalaşan civənin ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində zəruri addımlar atılıb. İstehsalat prosesi zamanı tullantı qismində ayrılan civə dünya praktikasında ya torpağa basdırılır və ya təkrar istehsalda istifadə edilir. Birinci üsul dünyada daha geniş yayılsa da, insan sağlamlığına təhlükə yaradır və torpaqların çirkləndirilməsi ilə nəticələnir. Civənin təkrar istifadəyə yönləndirilməsi üçün satışı isə ekoloji cəhətdən daha səmərəli həll yolu olaraq çoxsaylı icazələrin alınması, təhlükəsiz daşınma şərtlərin təmin edilməsi, qeyri-leqal fəaliyyət predmeti olmamaqla, sırf istehsalda istifadə edilməsi üçün müvafiq təminatın verilməsi kimi müxtəlif tələblərlə müşayiət edilir. Ekoloji və sosial məsuliyyətin "AzerGold" QSC-nin prioritetlərindən olduğunu nəzərə alaraq, QSC daha mürəkkəb yolu seçməklə civənin təkrar emalda istifadəsinə yönləndirib. Nəticədə istehsalat prosesində tullantı qismində ayrılan 1 163 kiloqram həcmində civə partiyası çoxsaylı mürəkkəb prosesdurları keçərək Sinqapura uğurla ixrac olunub. Bununla da Cəmiyyətimiz həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də ixracdan əlavə mənfəət əldə edib. Beləliklə, ölkədən civənin ixracı bu prosesi beynəlxalq səviyyədə tənzimləyən, beynəlxalq Minamata Konvensiyasının tələbləri nəzərə alınmaqla ilk dəfə olaraq reallaşdırılıb".

Azərbaycanda qədim məzarlar aşkarlanıb

Z.İbrahimov bildirib ki, 2019-cu ilin fevral ayında "AzerGold" QSC tərəfindən 3-cü topa qələviləşdirmə sahəsinin tikintisi zamanı qədim məzarlar aşkar edildi. Vaxt itkisi və maliyyə baxımından əlavə risklər yaratmasına baxmayaraq, ərazidə tikinti işləri dərhal dayandırıldı: "Müvafiq qurumlara faktla bağlı məlumat verildi və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əldə edilmiş razılığa əsasən, ötən ilin may ayından etibarən ərazidə arxeoloji qazıntılara başlandı. 5 ay davam edən arxeoloji qazıntılar zamanı aşkarlanan 156 qəbirdən 6000-dən çox eksponat tapıldı. Maddi-mədəni nümunələr mütəxəssislər tərəfindən yüksək dəyərləndirildi və məlum olduğu kimi, tapıntıların mühafizəsi və müvafiq tədqiqatların aparılması üçün gördüyümüz işlər ictimaiyyətə təqdim edildi. Bu mövzuda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən beynəlxalq tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı".

"Qazıntılar zamanı aşkarlanmış maddi-mədəni irs nümunələrindən ibarət xüsusi ekspozisiya Daş Salnamə muzeyində hazırda da sərgilənir. Cari ildə də bu tapıntıların beynəlxalq ekspertlər tərəfindən öyrənilməsi məqsədilə müvafiq işlər görüləcək", - deyə o əlavə edib.

İdarə heyətinin sədri qeyd edib ki, Azərbaycanın ən zəngin əlvan metal yataqları işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşir və bu yataqlarda hazırda qeyri-qanuni hasilat işləri aparılır. Digər ölkələrdə baş verən bu kimi situasiyalarda dünya ictimaiyyətinin mövqeyi qəti və birtərəfli olsa da, çox təəssüf ki, Dağlıq Qarabağda aparılan qeyri-qanuni hasilata dünyada ikili standartlarla yanaşılır. Lakin, "AzerGold" QSC işğal edilmiş ərazilərində əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq addımlar atır. Belə ki, 2018-ci ildə "AzerGold" QSC tərəfindən məsələ ilə bağlı açıq mənbələrdən toplanan məlumatlar Baş Prokurorluğa təqdim edilib və nəticədə Baş Prokurorluq tərəfindən müvafiq cinayət iş aparılıb. Ötən il Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyətlər və bu fəaliyyətlərin Avropa Şurası qarşısında götürülmüş öhdəliklər müstəvisində yaratdığı nəticələrə həsr olunmuş tədbirdə də tərəfimizdən məsələ ilə bağlı müfəssəl məlumatlar təqdim edilib".

"Bu məsələ ilə bağlı müəyyən edilmiş hədəflərin icrası məqsədilə yerli və xarici müstəvidə müvafiq işlərin həyata keçirilməsi davam etdirilir", - deyə o əlavə edib.