BAKI, 24 fevral — Sputnik. "2019-cu il ərzində bütün sahələr üzrə ümumilikdə 47 min metrdən çox buruq-qazma işləri aparılıb. Bu rəqəm ölkə üzrə dağ-mədən sahəsi üzrə maksimal göstəricidir. Beləliklə qeyd etməliyəm ki, "AzerGold" QSC qısa bir müddət ərzində mədənçıxarma və geoloji-kəşfiyyat sahələrinin uğurlu inteqrasiyasına nail olub. Cari ildə yeni yataqlar üzrə ümumilikdə əlavə 50 min mətrədək dərinlikdə buruq-qazma işlərinin aparılması öhdəlik kimi qoyulub. Aparılan kəşfiyyat işləri nəticəsində Cəmiyyətin əlvan metal ehtiyatları beynəlxalq standartlara əsasən 20 dəfədən çox artırılıb". Sputnik Azərbaycan xəbər verir ko, bu barədə "AzerGold"un idarə heyətinin sədri Zakir Ibrahimov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
"Həmin ehtiyatların hasil edilərək ixrac edilməsi ölkə iqtisadiyyatına milyardlarla manat həcmində vəsaitin daxil olması deməkdir. Lakin, hamıya məlum olduğu kimi, qeyd edilən iri layihələrin icrası müvafiq maliyyə vəsaiti tələb edir ki, bu məqsədlə biz həm yerli, həm də beynəlxalq maliyyə institutlarından maliyyələşmənin cəlb edilməsini planlaşdırırıq. Bunun üçün isə şirkətin öz nizamnamə kapitalı da müvafiq səviyyədə olmalıdır. "AzerGold" QSC isə fəaliyyətə 2 milyon manat ilkin kapitalla başlamışdır. Qeyd etdiyim bu layihələrin işə salınması üçün nizamnamə kapitalımız artırılaraq 37 milyon manata çatdırılıb. Ötən ildə Cəmiyyətimizin qısa və uzunmüddətli inkişaf strategiyasının hazırlanmasına başlamışıq", - deyə o əlavə edib.
Z.Ibrahimov bildirib ki, bu məqsədlə prosesə nüfüzlu beynəlxalq məsləhətçi şirkət cəlb edilib: "Bizim komandamız məsləhətçilərlə birlikdə şirkətin potensial inkişaf mənbələrinin təyin edilməsi üzrə müvafiq işlərin görülməsinə başlayıb. Bu sənədin hazırlanması həmçinin dünya bazarında əlvan metallara olan tələbatı müəyyən etməyə və bu məlumat əsasında hasilat prioritetlərini müəyyənləşdirməyə xidmət edəcək ki, bu da layihələrin iqtisadi səmərəliliyini dəfələrlə artıracaq. Bu prosesdə 1000-dən artıq beynəlxalq şirkətin təcrübəsindən yararlanacağıq. Məqsədimiz mədən şirkətindən sənaye şirkətinə çevrilmək, paralel olaraq yan sahələrin inkişafına nail olmaqdır".
"Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə mövcud bütün qiymətli və əlvan metal filizi yataqları ilə bağlı məlumatlar arxivini yeniləyirik. Bu bizə qiymətli və əlvan metal filizi yataqlarının tədqiq edilməsi, kəşfiyyatı və idarə olunmasında effektivliyin və iqtisadi səmərəliliyin artırılmasına kömək edəcək. Prosesin ilkin mərhələsində mövcud bütün arxiv sənədləri elektronlaşdırılacaq. Eloktronlaşma prosesi aprel ayının 1-dək tam yekunlaşdırılacaq. Daha sonra bu məlumatların vahid rəqəmsal bazası yaradılacaq. Növbəti mərhələ iqtisadi səmərəlilik nəzərə alınmaqla, yataqların işlənmə prioritetləri müəyyənləşdiriləcək".
"Dağ-mədən sənayesinin dayanıqlı inkişafı ölkədə qeyri-neft sektorunun diversifikasiyası üçün əsas amillərdən hesab olunur. Sevindirici haldır ki, "AzerGold" QSC qeyri-neft sənayesi məhsullarının ixracı üzrə 2019-cu ildə də ölkədə öncül yerini qoruyub saxlaya bilib. Ümumilikdə, Cəmiyyətin gəlirlərinin 2025-ci ildən etibarən bir neçə dəfə artması proqnozlaşdırılır. Eyni zamanda, Cəmiyyətin fəaliyyəti nəticəsində 2017-2018-ci illər ərzində Daşkəsən rayonu üzrə sənaye məhsulunun dəyəri 2016-cı ilə nisbətdə 70 dəfə artıb və Daşkəsən rayonu müvafiq göstərici üzrə respublikanın şəhər və rayonları arasında ilk onluğa daxil olub", - deyə o əlavə edib.
Z.Ibrahimov qeyd edib ki, ö kənin aparıcı qızıl hasilatçısı və ixracatçısı kimi yerli bazarda da Azərbaycan qızılı və gümüşündən hazırlanan məhsulların təqdim edilməsinin vacibliyini nəzərə alaraq, ötən il ölkənin pərakəndə bazarında müvafiq məhsulların satışına başlanılıb: "Sözügedən məhsullar Çovdar mədənindən hasil edilən qızıl və gümüşdən hazırlanır. 999.9 əyarlı külçə və sikkələr 5, 10 və 20 qramlıq çəkilərdədir. Hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilir. Burada bir daha qeyd etmək lazımdır ki, "AzerGold" QSC-nin təyinatı qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi və tədqiqi, metalların hasilatı və beynəlxalq birjalarda satışının təşkilindən ibarətdir. Daxili bazara çıxardığımız hazır məhsulların maliyyə baxımından dəyərini yuvarlaqlaşdırsaq, "AzerGold"un ümumi dövriyyəsinin 1%-ni belə əhatə etmir. Bunu deməkdə məqsədim odur ki, həyata keçirdiyimiz bu layihə məhz mədəniyyətimiz, incəsənətimiz və tariximiz, bir sözlə milli dəyərlərimizin təbliğinə yönəlib. Üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasın Çələbi naxışı əks olunmuş məhsullar məhz bu məqsədə xidmət edir. Digər məqsədimiz isə ilk növbədə yerli istehsalın dəstəklənməsi və yerli məhsulun təşviq edilməsidir. Məhz buna görə də məhsullar minimal mənfəət nəzərə alınmaqla yerli bazara çıxarılıb".