BAKI, 22 fevral — Sputnik. Gürcustan hökuməti Kutaisidə yerləşən parlament binasını satmaq niyyətindədir. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxariya deyib.
Kutaisidə parlament binası Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin zamanında inşa edilib. Parlament Tbilisidən oraya 2012-ci ildə köçüb. "Gürcü arzusu" partiyası hakimiyyətə gələndən sonra parlamentin paytaxta qaytarılması ilə bağlı aktiv danışıqlar aparılıb və 2019-cu ildə parlament keçirildi.
"Biz Kutaisidə parlament binasını satmağı düşünürük. Bu prosesi İqtisadiyyat Nazirliyi başlayıb. Kutaisi yaxın zamanlarda böyük təhsil mərkəzinə çevriləcək və parlamentdən böyük əhəmiyyət daşıyacaq" – deyə Qaxariya bildirib.
Baş nazir əlavə edib ki, bu ultramüasir bina satıldıqdan sonra yeni əhəmiyyətə malik olacaq və iqtisadi baxımdan cəzbedici olacaq.
Xatırladaq ki, Kutaisidə artıq universitet kompleksinin tikintisi davam edir. O, 140 hektar ərazini əhatə edəcək və regionda ən böyük təhsil mərkəzi olacaq. Kompleks 60 min tələbə üçün nəzərə tutulub.