CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə yeni siyahıyaalma başlandı: amma bu dəfə bizi saymayacaqlar

Onun sözlərinə görə, bu günədək İşçi Qrup tərəfindən Binəqədi rayonunun 350 hektar ərazisində 90 min ağac və kol sayılıb
Sputnik

BAKI, 21 fevral — Sputnik. Yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası yaradılır.
Sputnik Azərbaycan xəbər verir ki, ETSN-in Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov bu gün keçirilən mətbuat konfransında danışıb. O bildirib ki, mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb. 

Qışda ağac çiçəkləyirsə... – Qlobal istiləşmə həyatımızı alt-üst edir

İlkin olaraq inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə böyük şəhərləri əhatə edəcək.

Nazirlikdə bununla əlaqədar İşçi Qrup yaradılıb və İşçi Qrup tərəfindən şəhərin ərazisi inzibati rayonlar üzrə sistemləşdirilir, hər rayon şərti kvartallara bölünür və nömrələnir. Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılır, koordinatları götürülür, yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir.

Qeyd edək ki, Coğrafi İnformasiya Sistemlərində (CİS) ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək, dinamik olacaq, bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq.

"İnventarizasiya işlərinə pilot olaraq Bakı şəhərinin Binəqədi rayonundan başlanılıb. Artıq rayonun bir sıra ərazilərinin məlumat bazası hazırdır. Məsələn, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində Naxçıvanski və Bəhlul Səttarzadə küçələrinin arasındakı müəyyən olunmuş 12-ci kvartalda 541 ağac və 273 kol mövcuddur, yaşıllıq 13.8 faiz təşkil edir", - deyə o bildirib.

Onun sözlərinə görə, bu günədək İşçi Qrup tərəfindən Binəqədi rayonunun 350 hektar ərazisində 90 min ağac və kol sayılıb. Proses davam edir.

Bildiririk ki, məlumat bazasından dövlət əhəmiyyətli infrastruktur, istehsalat layihələrinin hazırlanmasında, müxtəlif tikinti işlərinin layihələndirilməsində və torpaq sahələrinin ayrılmasında mərkəzi icra hakimiyyətləri, o cümlədən İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar da istifadə edə biləcək.