RUSİYA

Vaşinqton qəzəblənib – çünki sanksiyaları Rusiyaya böyük pullar gətirir

ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, əvvəllər Venesuelanın ağır neftindən asılı olan Amerikanın Meksika körfəzi sahilindəki neftayırma zavodları sanksiyaların tətbiq edildiyi andan bəri Rusiyadan neft məhsullarının idxalını, demək olar ki, üç dəfə artırıb
Sputnik

BAKI, 21 fevral — İvan Danilov, Sputnik. Anti-Rusiya sanksiyaları tətbiq olunarkən onları yeridən ölkələrin siyasətçiləri adətən bir neçə mərhələdən keçirlər. Demək olar ki, həmişə eyni ssenari üzrə onlar əvvəlcə qorxulu bəyanatlar səsləndirirlər, sonra onların nəyəsə ümidləri yaranır, lakin daha sonra onlar susur və etiraf edirlər ki, gözlənilən effekt nədənsə əldə edilməyib, sanksiya təşəbbüskarının özü isə ən azı Rusiyaya dəyə biləcək ziyana bərabər bir zərərlə üzləşib.

Bütün bu mərhələləri keçmiş siyasətçiyə etalon nümunə kimi bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransında diplomatlara və hərbçilərə öz kəşfləri barədə məlumat vermiş Fransa Prezidenti Emmanuel Makronu göstərmək olar.

"Bizim dondurulmuş münaqişələrimiz, inamsızlıq sistemimiz, kibertəhlükəsizlik sahəsində münaqişələrimiz və Rusiyada tamamilə heç nəyi dəyişdirməmiş sanksiyalarımız yığılıb qalıb. Mən onları ləğv etməyi təklif etmirəm, yalnız faktları qeyd edirəm. Bizim sanksiyalarımız və əks-sanksiyalarımız o qədər də müsbət olmayan bir nəticənin müqabilində Rusiyaya olduğu qədər bizə, avropalılara da baha başa gəlir", – Makron deyib.

Makronun bu bəyanatı təcrid olunmuş tək bir hal yox, fransız diplomatlarının ictimai arenadakı refleksiyasının nəticəsidir. Fransa prezidentinin Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri üzrə xüsusi elçisi Pyer Vimon fransalı senatorların qarşısında çıxış edərkən çəkinmədən bildirib:

"Avropa sanksiyalarının iki təsiri olub: bütün Avropanın ticarətini aşağı salıb... bu sanksiyalar bizə həqiqətən də zərər vurub. Lakin rəqəmlərə baxsaq, Rusiya ilə ABŞ arasında ticarət, əksinə, artıb. İkincisi, biz bu sanksiyalar nəticəsində Rusiyaya kənd təsərrüfatını inkişaf etdirmək imkanını vermişik. Üçüncü element: müəyyən dərəcədə biz Rusiyanı Çinə tərəf itələmişik və o, xüsusilə yeni texnologiyalar sahəsində prioritet tərəfdaşa çevrilib".

Amma Parisin bu kəşfləri amerikalılar üçün fərman deyil. Buna ən yeni misal kimi ABŞ tərəfindən Rusiyanın "Rosneft" şirkətinin İsveçrədəki törəmə şirkətinə qarşı tətbiq edilmiş sanksiyaları göstərmək olar. Bu sanksiyalar şirkətin Venesuela neftini satması səbəbindən yeridilib. Sanksiyalar haqqında məlumat Moskva birjasında yüngül təlaşa səbəb olub, lakin "Rosneft" şirkətinin səhmlərinin qiyməti bir az düşəndən sonra əvvəlki səviyyəsinə qayıdıb.

Çox güman ki, birjanın bu qədər sakit reaksiyası Rusiya şirkətinin cavab bəyanatından daha çox, Vaşinqtonun Venesuela istiqamətində perspektivlərinə dair Amerika və Avropa mediasının dərc etdiyi təhlillərlə bağlıdır. Bu təhlillərdə konsensus təxminən aşağıdakı kimidir: Vaşinqton "Rosneft"in özünə qarşı sanksiya tətbiq etməkdən çəkinib, çünki bu halda bütün dünya enerji bazarı zərər görəcəkdi. Üstəlik, Rusiya şirkətinin minoritar səhmlərinə Britaniyanın "British Petroleum" (BP) şirkətinin və Qətərin suveren investisiya fondunun sahib olması faktı da ABŞ Dövlət Departamentindəki "qırğılar"ın həvəsini xeyli azaldıb.

Ekspert ABŞ-a Venesuelanın blokadasının niyə lazım olduğunu izah edib

Venesuelanın borclarını ödəyərək, müqabilində ondan neft alan törəmə şirkətə qarşı yeridilmiş sanksiyalar əslində Karakasın neft ixracına mane olmağa və "Rosneft"i Cənubi Amerikadakı bu "yağlı tikədən" uzaqlaşdırmağa yönəlib. Sanksiyaların dolayı məqsədi Rusiya hökumətini rəsmi Karakasa və prezident Maduroya dəstəyin davam etdirilməsinin mənasız olduğunu "inandırmaqdır". Lakin bu yanaşmanın effektivliyinə dair çox ciddi şübhələr var.

"Venesuelaya Putin tərəfindən dəstəyin dayandırılması çox çətin bir məsələdir", - "Amerikanın Səsi" radiosu bildirib. "Reuters" agentliyi isə xəbər verir ki, "Signum Global Advisors" şirkətinin rəsmisi Endryu Bişop müştərilərə qeydində yazıb: "Əgər Moskva Venesuela neftinin ixracını davam etdirmək niyyətindədirsə, o, ABŞ sanksiyalarından yan keçmək üçün alternativ yollar tapacaq".

"Amerikanın Səsi" radiosunun jurnalistləri də paradoksal kəşflər ediblər: Birləşmiş Ştatların Venesuelaya qarşı sanksiyaları nə qədər effektiv olarsa, Rusiya amerikalı istehlakçılardan bir o qədər çox qazanacaq. ABŞ xarici siyasətinin ilk baxışdan bu qeyri-aşkar nəticəsi gömrük məlumatlarının təhlili nəticəsində üzə çıxır: "ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, əvvəllər Venesuelanın ağır neftindən asılı olan Amerikanın Meksika körfəzi sahilindəki neftayırma zavodları (Venesuelaya qarşı – red.) sanksiyaların tətbiq edildiyi andan bəri bir il ərzində Rusiyadan neft məhsullarının idxalını, demək olar ki, üç dəfə artırıblar".

Bundan başqa, onlar sanksiyaların daha bir nəticəsini aşkar ediblər: "Amerikanın Səsi" radiosunun versiyasına görə, Venesuela öz neftini dünya bazarında sata bilmədiyinə görə onu Rusiya şirkətlərinə endirimlə satır (yəni rusiyalı alıcılar bundan əlavə mənfəət əldə edirlər). Venesuela isə neft satışından əldə etdiyi pulu Rusiyadan silah almaq üçün götürdüyü borcları qaytarmağa yönəldir. Yəni pul yenə də bu və ya digər formada Rusiyaya qayıdır.

Bu sxemin dəqiqliyinə əsaslı şübhə etmək olar. Lakin amerikalılar vəziyyəti məhz bu cür görürlər və reallığın belə təfsirinə şübhə etmirlər. Bu isə o deməkdir ki, hazırda onlar çox böyük mənəvi əzab-əziyyət çəkirlər. Onlar anlayırlar ki, Rusiya Amerikanın Venesuelada uğursuz çevriliş cəhdlərindən pul qazanır.

Koronavirus OPEC-i lap əldən salıb: Rusiya və kartel arasında fikir ayrılığı yarandı

Bu şəraitdə Dövlət Departamentindən "ruslara qarşı nəsə etməyi" tələb edəcəklərini gözləmək məntiqlidir. Lakin Dövlət Departamenti edə bildiyini də edir. Üstəlik, Amerika diplomatiyası substantiv danışıqlar aparmaq bacarığını çoxdan itirib. Sanksiyalar tətbiq etmək mümkündürsə, razılığa gəlmək nəyə lazımdır? Müvafiq olaraq, sanksiyalar yenə yeridiləcək, jurnalistlər və ekspertlər isə Amerikanın dövlət nəşrlərinin səhifələrində bu sanksiyaları tətbiq etmək üçün ABŞ-ın nə qədər pul sərf etməli olduğunu (və ya gəlir əldə edə bilmədiyini) oxuculara izah edəcəklər.

Bu kontekstdə isə Moskva-Paris xətti ilə münasibətlərin qurulması (çox uzaq gələcəkdə olsa belə) daha perspektivli görünür. Avropa siyasi elitası ilə münasibətlərin bütün çətinliyinə baxmayaraq onun nümayəndələrinin heç olmasa bir hissəsi öz hərəkətlərinin nəticələri barədə düşünmək qabiliyyətini nümayiş etdirir.

Rəsmi Vaşinqton isə amerikalı ekspertlərin bütün tövsiyələrinə baxmayaraq, hələlik sanksiyaların fəsadları ilə dolu yolla cəsarətlə addımlamağa üstünlük verir. Nəticəni proqnozlaşdırmaq çətin deyil – lakin o, ABŞ üçün yenə də xoşagəlməz bir sürpriz olacaq.