BAKI, 20 fevral — Sputnik. Venesuelada ABŞ sanksiyalarından qorunmaq üçün neft sənayesi sahəsində islahatlar başlayır. Sputnik-in məlumatına görə, müvafiq fərmanı Venesuela Prezidenti Nikolas Maduro imzalayıb.
"Ölkənin enerji təhlükəsizliyini təmin etmək və sənayeni imperialist təcavüzdən qorumaq məqsədilə təcili və lazımlı tədbirlər görmək üçün konstitusiya və prezident fərmanı ilə neft sənayesində fövqəladə vəziyyət elan edirəm", - deyə Maduro neft sənayesi işçiləri ilə görüşündə bildirib. Prezidentin çıxışı onun "Twitter" hesabında yayımlanıb.
"İkinci maddəyə əsasən, milli neft sənayesinin qorunması, yenidən strukturlaşdırılması və təşkil olunması üzrə səlahiyyətli prezident komissiyası yaradılır", - deyə dövlət başçısı əlavə edib.
Maduronun sözlərinə görə, komissiya bütün neft sənayesini dəyişdirmək üçün lazımi səlahiyyətlərə sahib olacaq.
ABŞ çərşənbə axşamı "Rosneft"in strukturu olan İsveçrənin "Rosneft Trading SA" şirkətini Venesuelanın sanksiyalar siyahısına əlavə edib. Bu şirkətin Direktorlar Şurasının sədri Didye Kasimiro həmçinin "Rosneft"in emal, neft-kimya, ticarət və logistika üzrə vitse-prezidenti vəzifəsini tutur. ABŞ müttəfiqlərinə, xüsusən də Avropadakılara, Venesuela neftini xarici bazarlara çatdırmaqda ittiham olunan "Rosneft Trading" ilə əlaqələrini kəsmək üçün 90 gün vaxt verib.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Sosial-iqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets hesab edir ki, bu vəziyyət ABŞ-da keçiriləcək seçkilərlə əlaqədardır.
"(ABŞ Prezidenti Donald) Tramp bu il yenidən seçilməlidir və ABŞ-da yaşayan, respublikaçıların tərəfdarı olan və Mərkəzi Amerikanın sosialist hökumətlərini sevməyən kifayət qədər latın amerikalı icmanın dəstəyinə ehtiyac duyur. Tramp bu nüfuzlu latın amerikalı dairələrə bir bonus olaraq söz verib ki, seçkilərdə onun namizədliyini dəstəkləyəcəkləri təqdirdə Venesuelanın hazırkı hökumətini hakimiyyətdən kənarlaşdıracaq. Bunun üçün ABŞ Venesuela neftinin idxalına məhdudiyyətlər tətbiq etdi. Bu iqtisadi blokada Venesuela iqtisadiyyatını boğmağa cəhddir", - deyə Aleksey Barb Sputnik Radiosu-nun efirində bildirib.
Onun fikrincə, Venesuelada istənilən halda neft sektorunda islahatlara ehtiyac duyulur.
"Bu gün Venesuela hökuməti qarşısında neft hasilatı kompleksini daha səmərəli fəaliyyət göstərmək səviyyəsinə gətirmək vəzifəsi durur. Çünki son vaxtlar bu sahədə çox da yaxşı işlər görməyiblər. Onlarda Səudiyyə Ərəbistanından daha çox neft ehtiyatı var, amma bu neft ağırdır və istehsal xərcləri çox böyükdür", - deyə Aleksey Zubets əlavə edib.
21 yanvar 2019-cu ildə Venesuelada Prezident Nikola Maduronun andiçmə mərasimindən qısa müddət sonra kütləvi etirazlar başlayıb. Müxalifətin nəzarətində olan Milli Assambleyasının rəhbəri Xuan Guaido qanunsuz olaraq özünü müvəqqəti dövlət başçısı elan edib və dərhal da ABŞ və müttəfiqləri tərəfindən tanınıb. Rusiya, Çin, Türkiyə və bir sıra digər ölkələr Maduronu qanuni prezident kimi dəstəkləyiblər.