BAKI, 19 fevral — Sputnik. "Bir məsələni xüsusi vurğulamalıyıq ki, Azərbaycanın sabitlik və əmin-amanlıq məkanına çevrilməsində, vətəndaşlarımızın asudə yaşamasında hüquq mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının əməyi danılmazdır.
Sputnik Azərbaycan “Reporta” istinadla xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.
Şöbə müdiri qeyd edib ki, bununla yanaşı, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyil: "Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti və sair məsələlərlə bağlıdır. Bütövlükdə, polisin fəaliyyətinə dair daxil olan şikayətlərin sayı Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik, Masallı, Neftçala, Sabirabad, Siyəzən, Tərtər, digər şəhər və rayonlardan nisbətən çox olub".