Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 19 fevral — Sputnik. Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur. Sputnik Azərbaycan xəbər verir ki, bu məsələ "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.
Tədbirlər Planına görə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb.
Qeyd edək ki, 2019-cu ildə ölkədə minimum əməkhaqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Hazırda Azərbaycanda minimum əməkhaqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir. Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri, Ukrayna və Gürcüstan da nəzərə alınmaqla 2-ci yerdə qərarlaşıb. Orta əməkhaqqı göstəricisinə görə isə Azərbaycan MDB məkanında ilk üçlüyə daxildir.
Ölkədə minimum əməkhaqqının nə qədər artırılması mümkündür?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyib ki, minimum əməkhaqqı dövlətin əmək bazarına müdaxilə mexanizmlərindən biri olsa da, amma bu, iqtisadiyyatın inkişafı və bazardakı mövcud vəziyyət nəzərə alınaraq müəyyən edilməlidir: "Dünya təcrübəsi göstərir ki, minimum əməkhaqqının inzibati yolla müəyyən edilməsi və bu qərarın bazarın mövcud vəziyyəti nəzərə alınmadan verilməsi o qədər də yaxşı nəticələrə gətirib çıxarmır. Çünki minimum əməkhaqqını həddindən artıq çox yüksəldəndə bazarda işsizlik də yaratması mümkündür. Bu zaman əmək xərcləri bahalaşır və sahibkarlar minimum əməkhaqqı qaldırılandan sonrakı əmək haqları səviyyəsində daha az işçini məşğulluğa cəlb etməyə razı olurlar. Bu məsələ ilk növbədə nəzərə alınmalıdır".
"Azərbaycanda minimum əməkhaqqının indiki səviyyəsini dünya ilə müqayisə edəndə burada müəyyən qədər artımlara yer var. Ən azından hər il baş verən inflyasiya səviyyəsi qədər minimum əməkhaqqında artımlara getmək olar. Amma burada bazarın iqtisadi artım göstəriciləri, inflyasiya göstəriciləri nəzərə alınmalıdır. Əks halda, bazar dünyanın hər yerində olduğu kimi, buna tərs reaksiyalar göstərə bilər. Bu, xüsusilə də minimum əməkhaqqı ilə çalışan işçilərin məşğulluğuna mənfi təsir göstərə bilir", – deyə ekspert qeyd edib.
O bildirib ki, bəzən minimum əməkhaqqı ilə çalışan işçilər düşünürlər ki, minimum əməkhaqqı qalxdı, deməli bizim rifahımız yaxşılaşır: "Amma bazar buna tərs reaksiya verə bilir. Biz bazarda əməyə də bir məhsul kimi baxsaq, məhsulun qiyməti qalxanda ona tələb də getdikcə azalır. Belə olan halda minimum əməkhaqqı ilə çalışanlar işsizik problemi ilə üzləşə bilərlər. Yəqin ki, müvafiq qurumlar bu amilləri nəzərə alacaqlar. Bunun üçün tədqiqatlar aparılmalıdır. Düşünürəm ki, hazırda ölkədə bazar konyunkturası şəraitində minimum əməkhaqqının ciddi şəkildə qaldırılması imkanları məhduddur. Bu, ən azından inflyasiya səviyyəsinə uyğunlaşdırılsa, daha doğru ola bilər".
"Gələn il birrəqəmli inflyasiya olacaqsa, minimum əməkhaqqının o qədər artırılması daha məntiqlidir. Çünki hazırda ölkədə iqtisadi artım sürəti də o qədər yüksək deyil. Belə olan halda minimum əməkhaqqını da hədsiz şəkildə artırmaq iqtisadiyyat üçün o qədər də yaxşı hal deyil. Yəni bu, işsizliyə səbəb ola biləcək faktor kimi çıxış edə bilər. Minimum əməkhaqqı məsələsində bir qədər ehtiyatlı olmaq lazımdır ki, birincisi işsizlik yaratmasın, ikincisi gizli iqtisadiyyatı stimullaşdırmasın", – deyə ekspert əlavə edib.