Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 19 fevral — Sputnik. Əgər zərgərlik məhsullarının istehsalı ilə məşğul olan sahibkarların ucuz maliyyə resurslarına çıxış imkanları artarsa, biz zərgərlik sektorunun potensialından daha geniş şəkildə istifadə edə bilərik.
Bu sözləri Sputnik Azərbaycan-a İqtisadiyyat naziri Mikayıl Cabbarovun "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla keçirilən görüşdə Azərbaycanın qızıl istehsalı potensialına dair səsləndirdiyi fikirləri şərh edərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Qeyd edək ki, bu günlərdə "Azərbaycanda zərgərlik bazarının perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla görüş keçirilib. Görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə qeyri-neft sektorunun davamlı və sürətli inkişafının dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən olduğunu vurğulayıb. Dağ-mədən sənayesinin inkişafının ölkə iqtisadiyyatının şaxələndirilməsinin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə dəyər zəncirinin yaradılması perspektivlərini diqqətə çatdırıb.
Nazir həmçinin zərgərlik sənayesində islahatların aparılmasının və əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat-logistika infrastrukturuna malik ölkəmizin bu sahədə regional mərkəzə çevrilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. O, beynəlxalq təcrübədən geniş istifadənin, stimullaşdırıcı tədbirlərin, şəffaf tənzimləmə siyasətinin həyata keçirilməsinin zərgərlik sənayesinin inkişafında, kölgə iqtisadiyyatının daha da azalmasında əhəmiyyətli olacağını vurğulayıb.
Vüqar Bayramov isə ölkəmizdə zərgərlik sektorunun potensialının olduğunu vurğulayaraq deyib ki, hətta sovet dövründə Azərbaycanda zərgərliklə bağlı xüsusi müəssisələr fəaliyyət göstərib. Sonrakı dövrdə isə bu müəssisələr özəlləşdirilib və SSRİ dağıldıqdan sonra ölkədə zərgərlik sektorunun potensialından istifadə olunmayıb.
"Zərgərlik yerli istehsalın genişləndirilməsi baxımından vacib sektordur. Azərbaycan qızıl hasil edən ölkələrdən biridir. 2019-cu ildə Azərbaycanda qızıl pomidordan sonra ən çox ixrac etdiyimiz qeyri-neft məhsulu olub. Ölkəmiz təxminən 140 milyon dollar dəyərində qızıl ixrac edib. Bu isə zərgərliyin həm də ixrac imkanlarına malik olduğunu göstərir. Qızıl daha çox külçə formasında ölkəyə idxal edilir, ona vergi və rüsumlar tətbiq olunur. Bu, daxili bazarın qorunması baxımdan da vacib faktorlardan biridir", - deyə ekspert bildirib.
Azərbaycanda zərgərlik məhsullarına tələbin yüksək olduğunu deyən Bayramov qeyd edib ki, ölkəmizin adambaşına düşən zərgərlik məhsullarının istehlakına görə regionun öndə gedənlərindən biridir. Ona görə də, bu sektorda islahatların davam etdirilməsi və xüsusən də, zərgərlik məhsullarının istehsalı ilə məşğul olan sahibkarların təşviq edilməsinə ehtiyac var.
"Burada vergi yükü yüksək deyil. Son illər Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra ölkədə vergi yükünün kəskin azalması müşahidə olunur. Digər tərəfdən, qeyri-leqal sektorun leqallaşdırılması da zərgərlik sektorunun inkişafına stimul yaradıb. Çünki əvvəlki dövrlərdə ölkəyə idxal edilən zərgərlik məhsullarının bir qismi qeydiyyatdan keçmirdi və 2018-ci ilədək bunu müşahidə etmişik. Nəticədə bu, daxili bazarda rəqabətin pozulmasına gətirib çıxarırdı. Artıq bu halların qarşısı ciddi şəkildə alınıb. Qeyri-leqal sektorun və eləcə də qeyri-leqal idxalın leqallaşması prosesi gedib. Bu da sektorun inkişafını stimullaşdıran faktorlardan biridir", - ekspert deyib.
İqtisadçı zərgərlik fəaliyyəti ilə məşğul olan sahibkarlara aşağı faizli, güzəştli kreditlərin verilməsini təklif edib:
"Zərgərlik maliyyə tutumlu sektordur. Xammalın bir qismi idxal olunur və bu da vəsait tələb edir. Bu sahədə çalışan sahibkarların təşviq edilməsi üçün onlara aşağı faizli kreditlərin təklif edilməsi daha məqsədəuyğun olar. Mövcud vergi islahatları fonunda daha məqsədəuyğun olardı ki, bu sahədə çalışan sahibkarlar məhz güzəştli kreditlərdən daha çox istifadə etmək imkanları qazansınlar, bu yolla təşviq edilsinlər. Əgər onların ucuz maliyyə resurslarına çıxış imkanları artarsa, biz zərgərlik sektorunun potensialından daha geniş şəkildə istifadə edə bilərik".
Onu da qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla keçirilən görüşdə sahibkarların işinin asanlaşdırılması istiqamətində assosiasiyanın yaradılmasının xüsusi əhəmiyyətindən də danışıb. Qeyd edib ki, zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış assosiasiyanın yaradılması təqdirəlayiqdir. Bununla yanaşı, zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlardan və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması təklif edilir.
"Son illər ölkəmiz qızıl hasilatı sahəsində mühüm nailiyyətlər əldə edib. Regionlarda qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların da istehsal potensialı böyükdür. Zərgərlik sənayesinin daha da inkişaf etdirilməsi üçün bu sahənin ciddi dəstəyə ehtiyacı var. Düşünürəm ki, stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər", - deyə nazir əlavə edib.