Bəzi zərgərlərə güzəştlər ediləcək

"Zərgərlik sahəsində aparılan təhlillər burada rəqabət mühiti ilə bağlı bir sıra çatışmazlıqların olduğunu göstərir. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim imicimizə zərbə vuran məqamlardan biridir" - Mikayıl Cabbarov
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla keçirilən görüşdə Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılmasının təklif edildiyini deyib. Sputnik Azərbaycan-ın xəbərinə görə, nazir sahibkarların işinin asanlaşdırılması istiqamətində assosiasiyanın yaradılmasının xüsusi əhəmiyyətindən danışıb: "Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış assosiasiyanın yaradılması təqdirəlayiqdir. Bununla yanaşı, zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlardan və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması təklif edilir”.

Nazir həmçinin zəgərlik sahəsində rəqabət mühiti ilə bağlı çatışmazlıqlardan da söz açıb: “Azərbaycanda qızıl sənayesinin inkişaf etdirilməsi perspektivlərini müzakirə edərkən problemləri də nəzərə almalıyıq. Qeyd edim ki, iqtisadiyyatın şaxələndirilməsinin mühüm hissəsi dağ-mədən sənayesinin inkişafıdır”.

“Son illər ölkəmiz qızıl hasilatı sahəsində mühüm nailiyyətlər əldə edib. Regionlarda qızıl istehsalı ilə yanaşı, digər qiymətli metalların da istehsal potensialı böyükdür. Zərgərlik sənayesinin daha da inkişaf etdirilməsi üçün bu sahənin ciddi dəstəyə ehtiyacı var. Düşünürəm ki, stimullaşdırıcı amillərin artırılması zərgərlik sənayesinin inkişafında əhəmiyyətli ola bilər”, - deyə o əlavə edib.

Nazir onu da vurğulayıb ki, “kölgə iqtisadiyyatı”nın bu sahədə azaldılmasına nail olmaq lazımdır: "Qeyd edim ki, bu işlə məşğul olanlar arasında yalnız şəffaf fəaliyyət göstərənlərə güzəştlər veriləcək. Lakin onu qeyd edim ki, zərgərlik sahəsində aparılan təhlillər burada rəqabət mühiti ilə bağlı bir sıra çatışmazlıqların olduğunu göstərir. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim imicimizə zərbə vuran məqamlardan biridir".

"Nəticə etibarilə qanuna riayət edən uduzur. Bu, ədalətli deyil. Bazarda ədalət və şəffaflığın təmin edilməsi dövlətin aidiyyəti strukturlarının üzərinə düşən əsas hədəflərdən biridir", - deyə o bildirib.