RUSİYA

Türkiyə Rusiyanın təklif etdiyi xəritə ilə razılaşmadı

Rusiya-Türkiyə danışıqlarının birinci mərhələsi ötən həftə Ankarada, ikincisi isə bazar ertəsi və çərşənbə axşamı Moskvada baş tutub
Sputnik

BAKI, 18 fevral — Sputnik. Türkiyə İdlib məsələsi üzrə Rusiya ilə danışıqların nəticəsindən razı qalmayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın deyib.

"Biz Rusiyanın təqdim etdiyi xəritəni (deeskalasiya zonasının sərhədlərini) qəbul etmədik. Bizim neft, yaxud ərazi zəbt etmək kimi niyyətimiz yoxdur. Biz sadəcə dinc sakinləri qorumaq və regionda sabitliyə nail olmaq istəyirik. Qaçqınlar dalğası daim Türkiyəyə təzyiq edir", - Kalın jurnalistlərə deyib.

O vurğulayıb ki, Ankara Rusiya ilə münasibətlərinin korlanmasını istəmir, amma Suriya ordusunun hücumlarını dəf etmək lazımdır.

Tramp İdlibə görə Ərdoğana təşəkkür etdi

Kalının sözlərinə görə, Türkiyə bölgədəki sakinləri müdafiə etmək üçün hərbçiləri və zirehli texnikanı İdlibə göndərməyə davam edəcək.

Ərdoğanın sözçüsü həmçinin dəqiqləşdirib ki, Moskva ilə Ankara İdlibdə vəziyyətin sabitləşdirilməsi üçün danışıqları davam etdirəcəklər.

"Biz İdlib deeskalasiya zonası üzrə Soçi memorandumunun tətbiqi və rejim qüvvələrinin (Suriya ordusunun) oradan kənarlaşdırılmasında təkid edirik. Söhbət 2.5 il bundan öncə təsbit edilmiş sərhədlərdən gedir. Bizim müşahidə məntəqələrimiz ona uyğun yerləşdirilmişdi və biz bunu dəyişmək fikrində deyilik", - Kalın bildirib.

Rusiya-Türkiyə danışıqlarının birinci mərhələsi ötən həftə Ankarada, ikincisi isə bazar ertəsi və çərşənbə axşamı Moskvada baş tutub.