BAKI, 18 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "Enerji sektorunda maliyə intizamının gücləndirilməsi proqramı"nda enerji haqlarının yığılmasının 100 %-ə çatdırılması enerji təchizatı müəssisələrinə bir vəzifə olaraq tapşırıldığından həmin vəzifənin layiqincə yerinə yetirilməsi üçün "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən irimiqyaslı texniki və təşkilati tədbirlər görülür.
"Azərişıq" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb. Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə işimizə mane olan elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də ciddi narahatçılıq yaradır.
Bəzi istehlakçıların, xüsusən də villa, MTK, sənaye və ictimai iaşə obyektləri, hotel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların, xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.
Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyət məlumatlandırılacaq.