CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çingiz Abdullayev valideynlərin nömrələnməsi haqda: "İnsanı zorla xoşbəxt etmək olmaz"

Çingiz Abdullayev: Bizim cəmiyyət heç vaxt "1 nömrəli valideyn" və "2 nömrəli valideyn" normalarını qəbul etməyəcək. 
Sputnik

BAKI, 17 fevral — Sputnik, Kəmalə Əliyeva. "1 nömrəli valideyn" və "2 nömrəli valideyn" - bu cür norma istər Rusiyada, istərsə də Azərbaycanda cəmiyyət tərəfindən heç vaxt birmənalı qəbul olunmayacaq. Bunu Sputnik Azərbaycan-a Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

Rusiya Prezidenti Vladimir Putin fevralın 13-də Konstitusiyaya dəyişikliklərlə bağlı təkliflərin hazırlanması üzrə işçi qrupu ilə görüşüb. Görüşdə Rusiya lideri əmin edib ki, dövlətə rəhbərlik etdiyi müddətdə Rusiyada "№1 valideyn" və "№2 valideyn" olmayacaq. Onun fikrincə, Rusiyada "ata" və "ana" anlayışları qorunmalıdır.

Abdullayev bu anlayışın son illərdə bir çox ölkələrdə tətbiq olunduğunu və orada tolerantlıq əlaməti hesab edildiyini söyləyib.

"Mən də öz növbəmdə "1 nömrəli valideyn" və "2 nömrəli valideyn" normalarının həm Rusiya, həm də Azərbaycan cəmiyyəti üçün tamamilə məqbul olmadığı tezisini dəstəkləyirəm. Əgər Azərbaycan haqqında danışırıqsa, düşünmürəm ki, bunlar nə vaxtsa ölkəmizdə qəbul ediləcək", - deyə Xalq yazıçısı bildirib.

Bununla yanaşı, Abdullayev bütün insanlara və onların seçim hüququna böyük hörmətlə yanaşdığını qeyd edib. Onun fikrincə, insanı zorla xoşbəxt etmək olmaz. Hər kəsin öz seçim hüququ var.

"Ancaq buna baxmayaraq, bizim cəmiyyət "1 nömrəli valideyn" və "2 nömrəli valideyn" kimi anlayışlarla barışa bilmir. "Ana" və "ata" sözləri şəxsən mənim  çox xoşuma gəlir", - deyə yazıçı fikrini tamamlayıb.