BAKI, 14 fevral — Sputnik. Rusiyanın Ankaradakı səfirliyi "Twitter"də Türkiyə-Amerika münasibətləri mövzusunda "Qərar sizindir" yazısı ilə iki şəkil yerləşdirib.
Sputnik Azərbaycan xəbər verir ki, birinci şəkildə ABŞ Dövlət katibi Mayk Pompeo və onun İdlibdə türkiyəli əsgərlərin həlak olması ilə əlaqədar sitatı təsvir edilib: "Biz bu hücumda hərbçilərini itirmiş NATO üzrə müttəfiqimiz Türkiyənin yanındayıq".
Bu şəklin yanında isə Türkiyənin Anadolu dövlət informasiya agentliyinin infoqrafikası yerləşdirilib. İnfoqrafikada ABŞ-ın Suriyadakı kürd qüvvələrinə (YPG) hərbi yardımı haqqında məlumat verilir. Xatırladaq ki, Türkiyədə "YPG" qüvvələri qadağa olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəli olan terrorçu təşkilat kimi tanınır.
Xəbər verildiyi kimi, Pentaqon 2021-ci maliyyə ilinin büdcə sorğusuna əsasən, ABŞ-ın Suriyada dəstəklədiyi qüvvələrin ehtiyacları üçün 200 milyon dollar almaq niyyətindədir. Bu qüvvələrin əsasını "YPG" təşkil edir. Pentaqonun yaraqlılardan ibarət 10 minlik qrup formalaşdıracağı və onları amerikalı təlimatçıların hazırlayacağı qeyd olunur.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Suriya kürdlərinə yardım etməkdə dəfələrlə ittiham edib. Türkiyə bunu öz milli təhlükəsizliyinə təhdid kimi görür.
Sputnik radiosunun efirində Sankt-Peterburq Dövlət Universitetinin Amerika tədqiqatları kafedrasının dosenti Qriqori Yarıgin qeyd edib ki, rusiyalı diplomatlar heç kimi ləkələmədən, Türkiyə-ABŞ münasibətlərində hər şeyin elə də birmənalı olmadığını göstəriblər.
"Bu, ABŞ-ın Türkiyə ilə bağlı vahid siyasətinin mövcudluğu haqqında mifin olması faktını çox aydın şəkildə əks etdirir. Belə bir siyasət yoxdur. Mayk Pompeonun rəhbərlik etdiyi Dövlət Departamentinin öz siyasəti, Mark Esperin rəhbərliyi ilə Müdafiə Nazirliyinin öz siyasəti, Senatın öz siyasəti və prezidentin öz siyasəti var – onlar bir-biri ilə çox da koordinasiya etmirlər. Türkiyədə ABŞ-ın onun üçün kimin olduğuna dair qarışıq bir təsəvvür var və orada da Birləşmiş Ştatlara münasibətdə vahid bir xətt yoxdur. Hesab edirəm ki, tvitin mesajı belədir: "hər şey sizin düşündüyünüz qədər sadə deyil, sürətli qərarlar qəbul etməyin". Bizim kimisə ləkələmək və ya təmizə çıxartmaq kimi bir hədəfimiz olduğunu düşünmürəm. Dəyərləndirmə həmişə ölçülüb-biçilmiş olmalıdır", - Yarıgin bildirib.