CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şagirdlər məktəbi vaxtından tez bitirəcəklər

Üç nəfər üçüncü sinif şagirdi imtahanlarda uğur qazanaraq IV sinfin II yarımilində təhsillərini davam etdirmək şansını əldə ediblər
Sputnik

BAKI, 14 fevral — Sputnik. Vaxtından əvvəl təhsilini başa vuracaq istedadlı şagirdlərin nəticələri açıqlanıb. Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.

İmtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb və ibtidai təhsil səviyyəsi üzrə 3 (üç) şagird müvəffəqiyyət qazanıb. Belə ki, Bakı şəhəri 319 nömrəli tam orta məktəbin III sinif şagirdi Məhəmməd Həsənli, 95 nömrəli tam orta məktəbin III sinif şagirdi Cəlil Baxşızadə, 86 nömrəli tam orta məktəbin III sinif şagirdi Amin Şükürzadə imtahanlarda uğur qazanaraq IV sinfin II yarımilində təhsillərini davam etdirmək şansını əldə ediblər.