MƏDƏNİYYƏT

Azərbaycanlı biznesmen qadın Türkiyədə ilk filmini təqdim edib

Türkiyədə premyerasından sonra Ruhi Əliyevanın filmi Bakı tamaşaçılarına təqdim olunacaq. Filmin müəllifi onu dram janrında çəkdiyini qeyd edib.
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Türkiyədə ulduzların iştirakı ilə "Ağır Romantik" ("Ağır Romantika") filminin qala-gecəsi keçirilib. Bu barədə Sputnik Azərbaycana filmi çəkmiş azərbaycanlı biznesmen qadın Ruhi Əliyeva deyib.

Təqdimat mərasimində filmdə əsas rolları oynamış Onur Tuna, Tuvana Türkay, Altay Erkekli, Servet Pandur, Durul Bazan və bir çox digər türk aktyorları iştirak ediblər.

Artıq uzun illərdir ki, Azərbaycanda bizneslə məşğul olan Ruhi Əliyeva bu dəfə özünü kino sənayesində sınamaq qərarına gəlib və bu işə Türkiyədən başlayıb.

"Mən heç bilmirdim ki, kino çəkmək bu qədər çətindir. Amma öz işinin nəticəsini və tamaşaçıların onu qiymətləndirdiyini görəndə, bundan həzz alırsan və anlayırsan ki, gücünü əbəs yerə xərcləməmisən. Filmin ilk təqdimatını Türkiyədə keçirmək qərarına gəldik, çünki filmdə türkiyəli aktyorlar çəkiliblər, martın 7-də isə film Bakıda təqdim olunacaq", - Ruhi Əliyeva qeyd edib.

O, əlavə edib ki, film dram janrında çəkilib, onun əsas mövzusu isə əsərin baş qəhrəmanları olan Əsli və Kərəm arasında yaranan məhəbbətdir.

Fevralın 13-dən etibarən film Almaniya, Niderland, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Bolqarıstan, Moldova və digər ölkələrdə də nümayiş etdiriləcək.