CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Rəhmətliklər" tamahları ilə hamını boğaza yığıblar - Haqsız işlərlə haqq dünyasına doğru

Öldükdən sonra onun kimin yanında, hansı məzarlıqda dəfn olunmasının dünyasını dəyişən insan üçün heç bir fərqi yoxdur, amma dirilər qəbiristanlıqdan əl çəkmir.
Sputnik

Zülfiyyə Quluyeva, İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Azərbaycanda "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı ilə qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin yaxud da arvadının yazılı müraciəti əsasında yol verilir. Amma bu gün məzarlıqların mütləq əksəriyyətində hasara alınmış boş qəbir yerlərinə rast gəlinir. Hasarlanmış qəbir yerlərinin sahəsi həmin yerlərin təkcə ər-arvad üçün deyil, ailənin bütün üzvlərinin gələcəkdə dəfni üçün götürüldüyünü sübut edir.

Sputnik Azərbaycan-ın apardığı müşahidələr zamanı paytaxtda qəbiristanlıqların mütləq əksəriyyətində boş hasara alınmış qəbir yerlərinin olduğu üzə çıxıb.

"Rəhmətliklər" tamahları ilə hamını boğaza yığıblar - Haqsız işlərlə haqq dünyasına doğru

Xırdalan kənd qəbiristanlığında da kifayət qədər boş hasarlanmış qəbir yerləri var. Qaydalara görə, qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri, onu rezervasiya etmiş ər, yaxud arvad barədə məlumatı dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir. Amma burada qəbiristanlığın müdriyyəti onlarda rezervasiya olunmuş qəbir yerləri barədə dəqiq məlumatın olmadığını söylədilər. Xırdalan qəbiristanlığının Elsəvər (soyadını deməkdən imtina edib-red.) adlı nümayəndəsi isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, boş qəbir yerlərini doğmalarının yaxın dəfn edilməsini istəyənlər hasarlayır.

"Bu yerlərin çoxu keçmiş qəbiristanlıq müdirləri tərəfindən satılıb. Həmin şəxslər də aldıqları qəbir yerlərini hasarlayıblar ki, kimsə gəlib orada yaxınını dəfn etməsin. İndi qəbiristanlıqda rezervasiya ediləcək yer qalmayıb", - Elsevər deyib.

"Rəhmətliklər" tamahları ilə hamını boğaza yığıblar - Haqsız işlərlə haqq dünyasına doğru

Nazirlər Kabinetindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, NK-nın 2018-ci il 4 dekabr tarixli 522 nömrəli qərarı ilə "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" təsdiq edilib. Bu qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş ər, yaxud arvad sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra qohumları, qanuni nümayəndələri və ya dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdriyyətini yazılı surətdə məlumatlandırmalıdırlar. Bu qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə beş gün müddətində məlumat göndərməlidir.

İlahiyyatçı Elşad Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xalqımızın qəbiristanlıq adət-ənənələrinin çoxunun dinimizlə əlaqəsi yoxdur: "İnsanın hansı şəraitdə, hansı məkanda öləcəyi ilahi bir sirrdir. Yəni ölüm gününü, yerini heç kəs əvvəlcədən bilmədiyindən, əvvəldən müəyyən bir məzarlıqda bunun üçün yer hazırlatmaq da gərəksiz hesab olunur. Öldükdən sonra onun kimin yanında, hansı məzarlıqda dəfn olunmasının dünyasını dəyişən insan üçün heç bir fərqi yoxdur. İnsanlar vaxtlarını bu işə sərf edincə, yaxşı əməllər ardınca getsələr, daha yaxşı olardı. Amma dini baxımdan burada problem də yoxdur. Bu, sırf insanların istəyindən doğan məsələdir".

"Rəhmətliklər" tamahları ilə hamını boğaza yığıblar - Haqsız işlərlə haqq dünyasına doğru

İlahiyyatçı deyir ki, bu gün qəbiristanlıqlarda yer çatışmazlığının da bir səbəbi məhz yerlərin rezervasiyasıdır: "Bakıda qəbiristanlıqların çoxunda yer qıtlığı yaranıb. Bunun bir səbəbi paytaxtda əhali artımıdırsa, digər səbəb də qəbiristanlıqlarda boş yerlərin hasarlanmasıdır. Bunu çox təəssüf ki, qanunlarla, qaydalarla da tənzimləmək mümkün deyil".