BAKI, 14 fevral — Sputnik. Tanınmış müğənni Aysel Məmmədova repertuarında yenilik edib. Sputnik Azərbaycan xəbər verir ki, Ayselin təqdim etdiyi "O sənin deyil" adlanan yeni mahnı reggeton üslubunda yazılıb. Mahnının sözləri və musiqisi müğənninin özünə məxsusdur. Saund-prodüseri isə Emin Kərimdir.
"Tamamilə fərqli hisslərdir. Bu illər ərzində yaşadığım klassik musiqidən ayrılaraq başqa dünyaya düşmüşəm. Qeyd etmək istəyirəm ki, dünənə qədər bu tip məsələlərə tənqidi yanaşsam da, indi mənə çox xoşdur. Mənim üçün prioritet janrından asılı olmayaraq ortaya ürəklə hazırlanmış keyfiyyətli məhsul qoymaqdır. Bu mənim mövqeyimdir", – deyə Aysel Məmmədova bildirib.
Qeyd edək ki, reggeton musiqi üslubu və rəqsi 90-cı illərdə Puerto-Rikoda yaranıb. Eləcə də ABŞ-da yaşayan Latın Amerika kökənli amerikalılar arasında yayılıb.
Aysel Məmmədova 1989-cu ildə Bakıda anadan olub. O, bir çox beynəlxalq caz və musiqi festivallarının iştirakçısıdır. Müğənni "Jara" festivalında rusiyalı müğənnilərlə birlikdə eyni səhnəni bölüşüb.
O, "X My Heart" mahnısı ilə Azərbaycanı Avroviziya-2018 Mahnı Müsabiqəsində təmsil etsə də, final mərhələsinə keçə bilməyib.