CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözümüz önündəki alternativ mənbə: Orada onilliklər ərzində milyardlar itirmişik

Balaxanı Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodundan çıxan buxar da, kül də bizə pul gətirir
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Xeyli müddətdir ki, bütün dünyada alternativ enerji mənbələrinin axtarışına başlanılıb. Artıq bu yolda bəzi uğurlar əldə edildiyini də söyləmək olar. Bu yollardan biri də tullantılardan enerji əldə edilməsidir.

Zibilin yandırılması və ondan elektrik enerjisinin əldə olunması təcrübəsi bu gün bir çox ölkələrdə var. Artıq 8 ilə yaxındır ki, Azərbaycanda da bu təcrübədən yararlanaraq alternativ enerji əldə edilir. Ölkəmizdə bu proses Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Balaxanı Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda həyata keçirilir.

Gözümüz önündəki alternativ mənbə: Orada onilliklər ərzində milyardlar itirmişik

Bir müddət öncə ölkə başçısı İlham Əliyev adıçəkilən zavodun fəaliyyətindən danışaraq, görülən işlərin təqdirəlayiq olduğunu qeyd etmişdi. Prezident bildirmişdi ki, vaxtilə Balaxanıda yandırılan zibilin tüstüsü bütün şəhərin səmasını zəhər kimi bürüyüb: "Biz oranı təmizlədik, müasir zibilyandırma zavodu, poliqon tikildi. Çoxdandır ki, orada məişət tullantılarının çeşidlənməsi prosesi təşkil edilib və artıq bu zona ekoloji təmiz zonaya çevrilib".

Sputnik Azərbaycan olaraq Balaxanı Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub burada gedən proseslə tanış olduq.

Zavodun təməli 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Zavodun tikintisi 2012-ci ildə yekunlaşıb və bundan sonra, elə həmin ilin dekabrında fəaliyyətə başlayıb.

"Təmiz Şəhər" ASC-nin mətbuat katibi Elmar Məlikov zavodun fəaliyyəti haqda məlumat verir: "Bura təkrar emal üçün yararsız olan bərk məişət tullantıları gətirilir. Daha sonra kran operatorları tərəfindən zibillərin yandırılması prosesinə başlanılır. Beləcə zibillər sobaya göndərilir və burada yandırılır. Zibillər yandırıldıqdan sonra isə onlardan elektrik enerjisi əldə olunur".

Gözümüz önündəki alternativ mənbə: Orada onilliklər ərzində milyardlar itirmişik

"800 dərəcə istilik olan sobanın içində su ilə dolu borular var. Tullantı yandıqda su qaynamağa başlayır. Su qaynadıqda isə  buxar əməl gəlir, buxar turbin vasitəsi ilə göndərilir və beləcə buxardan elektrik enerjisi əldə olunur. Sonra isə əldə olunan elektrik enerjisi Bakı Elektrik Şəbəkəsinə göndərilir", - deyə o, əlavə edib.

E.Məlikovun sözlərinə görə, burada illik olaraq təxminən 500 min ton zibil yandırılır: “Bu da kifayət qədər enerjinin əldə olunması deməkdir. İllik olaraq zibillərin yandırılmasından 231 milyon kilovat saat elektrik enerjisi əldə olunur. 2018-ci ilin statistik məlumatlarına əsasən respublika üzrə alternativ enerjinin 51 faizini məhz Balaxanı Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ödəyib".

Ümumi ərazisi 10 hektar olan zavodda zibillərin yandırılması zamanı əldə olunan küldən asfalt döşənməsində istifadə olunur: "2018-ci ildə Balaxanıda yolların yenilənməsi, asfaltlama prosesində zibillərin yandırılmasından əldə olunan dib külündən istifadə olunub. Ümumiyyətlə, bu kül iki cür olur: uçan və dib külü. Dib külünün içində dəmir, metal olur. Dib külündən metal çıxarılır, sonra ələnir və asfaltın qurulmasında istifadə olunur".

Gözümüz önündəki alternativ mənbə: Orada onilliklər ərzində milyardlar itirmişik

"Gün ərzində 1 600  ton tullantı yandırılır, bundan da təxminən 400 ton dib külü əldə olunur", - deyə E.Məlikov əlavə edir.

100 işçisindən 4-nün əcnəbi olduğu zavodun operatoru Fransanın CNİM şirkətidir. Bu zavod onlar tərəfindən inşa olunub: "CNİM şirkəti bu tip zavodların tikintisi ilə bağlı dünyada maraqlı və böyük təcrübəyə sahibdir. Belə bir zavodun yaradılması üçün tender elan etdik, bu sahədə böyük təcrübəyə malik olan CNİM şirkəti qalib gəldi. Bu səbəbdən də şirkət 20 il ərzində həmin zavodun operatoru olaraq nəzarəti həyata keçirəcək. Artıq 8 ildir ki, CNİM bu nəzarəti həyata keçirir".