CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlar peşə seçərkən niyə problemlə qarşılaşırlar?

Testlər 20 sualdan ibarətdir və testlərdən sonra məsləhətçilərimiz uşağa və valideyninə peşə seçməkdə yardım edirlər.
Sputnik

BAKI, 13 fevral — Sputnik. Hər il aprel-may aylarında yuxarı sinif şagirdləri arasında lisey siniflərinin formalaşması ilə bağlı proseslər gedir. Siniflər formalaşır. Bəzi hallarda uşaqlar və valideynlər bu prosesə hazır olmurlar. Sonradan bu problemlər ali təhsil mərhələsində özünü göstərir.

Peşə təhsili nə zaman seçilməlidir?

Bu gün Sputnik Azərbaycan-ın media mərkəzində "Uşaqların peşə seçimi" mövzusunda tədbir keçirilib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavni Nadir İsrafilov çıxış edərək bildirdi ki, bu mövzu bu gün əhəmiyyətli problemdir və dəfələrlə gündəmə gəlib.

Uşaqlar peşə seçərkən niyə problemlə qarşılaşırlar?

"Məzunlar gələcək karyeralarını qurmaq, peşə seçmək mövzularında müəyyən problemlərlə qarşılaşırlar. Sovet dövründə hər hansı bir şagirdin hansı fənnə, hansı sahəyə marağı çox idisə, sənədlərini o fənn üzrə aidiyyəti institutlara verirdi. Nisbətən zəif olan uşaqlar, özlərinə güvəni olmayanlar 9-cu sinifdən sonra peşə məktəblərinə üz tuturdular", - deyən ekspert vurğulayıb ki, 1991-ci ildən test üsulunun tətbiqi ilə əlaqədar mərkəzləşdirilmiş imtahanlar keçirilməyə başladı.

Bu səbəbdən də ixtisas seçimində müəyyən problemlər meydana gəlir. Problemlər ondan ibarətdir ki, bu məzunlar marağı olmayan ixtisaslara düşə bilirlər. Bu keçid balı ilə əlaqədar olur.

N.İsrafilovun sözlərinə görə, 2011-ci ildə kütləvi surətdə təmayülləşmə siniflərinin yaradılmasına başlanılıb. Bu layihə ilk olaraq Bakıda yaradılıb. Sonradan 187 məktəbdə 702 sinifi və 15 mindən artıq şagirdi əhatə edirdi.

"İxtisaslara yönləndirmə 8 istiqamət üzrə həyata keçirilir. Kim hansı istiqaməti seçirsə, o istiqamət üzrə formalaşdırılır. 2019-2020-ci illər üçün xüsusi istedadlı siniflər yaradılıb. 47 rayonda 162 sinif yaradılıb ki, bu da 4 mindən çox şagirdi əhatə edir. Bu ali məktəblər üçün nəzərdə tutulub", - deyə N.İsrafilov əlavə edib.

Onun sözlərinə görə, bir müddət əvvəl peşələrə maraq azalmışdı. Ona görə də 2016-cı ildə Prezidentin sərəncamına əsasən Dövlət Peşə Agentliyi yaradıldı. Agentlik yaradıldıqdan sonra peşələrə maraq artmağa başladı. Bundan sonra Bakıda Koreyanın böyük kompleks mərkəzi tikildi.

Hazırda orta ümum təhsil məktəblərində peşə sinifləri açılıb.

Dövlət tərəfindən, Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq, peşə seçimi sahəsində problemlər qalmaqdadır: "Ali məktəbə maraq o səviyyədə artıb ki, məzunlar ali məktəbə daxil ola bilmədikləri üçün günahlandırılır".

Ekspertin fikrincə, bir müddət əvvəl Dövlət İmtahan Mərkəzi idea artıb ortaya. Belə ki, peşə və ixtisaslar nüfuzlu və nüfuzsuz ixtisas və peşələrə bölünüb. Məsələn diplomat, hüquqşüans nüfuzlu, aqronom, zootexnik isə nüfuzsuz peşə hesab edilir. Buna görə də bütün valideynlərin arzusudur ki, uşaqları nüfuzlu ixtisaslar seçsinlər. Məzunların ixtisas seçimində valideynin təsiri böyükdür, bunu faktlar da təsdiq edir.

Psixoloq Nigar Qadaşovanın sözlərinə görə, onun çalışdığı təhsil mərkəzində peşə testləri həyata keçirilir. Peşə testləri zamanı valideyn-uşaq münasibətləri müəyyən edilir.

Uşaqlar peşə seçərkən niyə problemlə qarşılaşırlar?

"Bununla yanaşı həqiqətən peşələr nüfuzlu və nüfuzsuz peşələrə bölünüb. Valideynlər daha çox uşaqlarının nüfuzlu peşələrə önəm verməsini arzulayırlar. Bizim peşə məsləhətləri zamanı məsləhətçilərimiz bütün peşələr barədə ətraflı məlumatlar verir. Bəzən olur ki, valideynlər öz uşaqlarının seçdiyi peşələrlə razılaşa bilir. Ancaq bildiyiniz kimi, müəyyən ixtisaslar var ki, yüksək bal tələb edir. Biz hüquqşünas olmaq istəyən uşağa "get arzunun arxasınca" deyə bilmərik. Çünki uşağın da öz bacarıqları və potensialı var. Ola bilər ki, uşaq heç o balı yığmasın.

Bu səbəbdən də peşə məsləhətləri zamanı biz uşağın bilik və bacarıqları əsasında onu hansısa peşəyə istiqamətləndirərkən bunu əsaslandıraraq edirik".

Onun sözlərinə görə, bu günə qədər mərkəzdə 760 nəfər testdən keçib. Onlardan 400 nəfərə yaxını bu testi rus dilində, 350-ə yaxın şəxs isə Azərbaycan dilində keçib. Testlər 200 sualdan ibarətdir və testlərdən sonra məsləhətçilərimiz uşağa və valideyninə peşə seçməkdə yardım edir.