BAKI, 12 fevral — Sputnik. Gənc Tamaşaçılar Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluşunda "Dəli yığıncağı" tamaşasının daxili baxışı olub.
Sputnik Azərbaycan xəbər verir ki, tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb. Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.
"Dəli yığıncağı"nda obrazları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa edirlər. Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev ifa edirlər.
Qeyd edək ki, fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulmuş tamaşanın premyerası 15-16 fevralda baş tutacaq.