CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlətə qulluq etmək istəyənlər üçün yeni xəbər var

İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 172 nəzarətçi‑müəllim ayrılıb.
Sputnik

BAKI, 12 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 16 fevral 2020-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Sputnik Azrbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına istinadla xəbər verir ki, imtahanda iştirak etmək üçün 1856 namizəd qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 1410, ümumilikdə isə 1856 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 172 nəzarətçi‑müəllim ayrılıb.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

"İmtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.