CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toz içində çiçəklər: Zibil muzeyindəkilərinin yaşını bilən yoxdur - FOTO

Burada aşağı da baxırsan, zibildir, yuxarı da... İnsanın "gözünü çıxaran" heç cür qopa bilmədiyimiz sellofan, plastik tullantılardır. Bir qədər kənarda isə "Maraqlı tapıntılar" guşəsi var
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qida israfçılığının azaldılması istiqamətində layihə həyata keçirə bilər. Layihənin bu il ərzində başlanılması gözlənilir. FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran mediaya açıqlamasında belə deyib.

O vurğulayıb ki, layihənin məqsədi turizm sektorunda, iaşə obyektlərində israf olunan qidaların yenidən dəyərləndirilməsidir. K.Başaran bildirib ki, qida artıqlarının bioqaza çevrilməsi (müxtəlif növ bioloji kütlənin köməyi ilə alınan qazlara bioqaz deyilir) heyvanlar üçün yem mənbəyi ola bilər.

Ətraf mühitin təmizlənməsi, tullantıların sıfıra endirilməsi üçün bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən addımlar atılır. Bu məsuliyyətin böyük bir hissəsini isə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti üzərinə götürüb. Ölkə başçısı İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli 1947 nömrəli sərəncamına əsasən yaradılan, illik emal gücü 200 min ton olan Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu 2012-ci ildən fəaliyyətinə başlayıb.

Toz içində çiçəklər: Zibil muzeyindəkilərinin yaşını bilən yoxdur - FOTO

Sputnik Azərbaycan Balaxanıda olaraq zavodun fəaliyyəti ilə tanış olub.

Təkrar emal biznesinin genişləndirilməsi, yaşıl məhsul istehsalının artırılmasını qarşısına məqsəd qoyan zavod bununla bir istehsal sahəsinin tullantısının digər istehsal sahəsində xammal kimi istifadəsinə, bundan başqa, tullantıların zərərsizləşdirilməsi zamanı əldə olunan alternativ enerjinin sənaye parkında istifadəsinə imkan yaradır.

Zavod haqda bir qədər məlumat aldıqdan sonra ilkin olaraq zibillərin qəbul məntəqəsi ilə tanış oluruq. Burada müxtəlif məişət tullantıları qəbul olunaraq çeşidləmə prosesinə göndərilir. İri ölçülü, çeşidlənmək üçün yararlı olmayan tullantılar əsas çeşidləməyə mane olmamaq üçün seçilərək prosesdən uzaqlaşdırılır.

Toz içində çiçəklər: Zibil muzeyindəkilərinin yaşını bilən yoxdur - FOTO

Bu haqda "Təmiz Şəhər" ASC-nin mətbuat katibi Elmar Məlikov bizə məlumat verir: "İri ölçülü, yararsız tullantılar prosesdən kənarlaşdırıldıqdan sonra tullantılar ələkdən keçirilir. Ələyin dəliklərinin diametri 8 santimetrdir. Ümumi çeşidləmə prosesinə mane olmamaq üçün çox kiçik ölçülü orqanik tullantılar bu dəliklərdən kənarlaşdırılır. Tullantılar fırlandıqca həm də nəmliyini itirir, quruyur. Daha sonra tullantılar əsas konveyerə göndərilir. Konveyerlə onlar maqnit separatordan keçir. O, metal əşyaları özünə çəkərək digər hissəyə atır ki, həmin tullantılar da ümumi çeşidləməyə mane olmasın. Metal olmayan tullantılar əsas çeşidləmə kabinasına göndərilir".

Burada aşağı da baxırsan, zibildir, yuxarı da... Zavodun birinci mərtəbəsi ikinci mərtəbədən atılan zibillərə görə ayrılıqda təsnifləşdirilib. İkinci mərtəbədə isə hər işçi çeşidlədiyi zibili ətrafında altı boş olan müəyyən əraziyə atır. Bu zibillər birinci mərtəbəyə düşdükdən sonra zibil tayaları preslənmək üçün konveyerr vasitəsilə göndərilir.

Toz içində çiçəklər: Zibil muzeyindəkilərinin yaşını bilən yoxdur - FOTO

Zavod boyu gəzdikcə daha çox gözümüzə dəyən sellofan tullantılar idi. PET su qabları, plastmas qablar, kağız tullantılar da az deyildi. 

İl ərzində 200 min ton bərk məişət tullantısı qəbul etmək gücünə sahib olan zavodda zibillər sadəcə olaraq qurudulur, yəni yuyulub təmizlənmir. Daha sonra isə bu tullantılar təkrar emal müəssisələrinə göndərilir.

E.Məlikovun sözlərinə görə, burada çalışan işçilərin sayı 150-yə yaxındır. Bu işçilər tullantıları kor-koranə çeşidləmirlər. Onlar arasında qədim tarixi olduğu iddia edilən bir sıra nümunələri xilas edənlər də var. Bunun üçün zavodun ümumi nəzarət məntəqəsində "Maraqlı tapıntılar" guşəsi yaradılıb. Bu guşədə bir sıra qiymətli əşyaları, o cümlədən dünyaca məşhur yazarların kitablarını da görmək mümkündür. Amma xoşbəxtlikdən, onlar son anda cahilliyin qurbanı olmaqdan xilas olunaraq burada yaradılan kiçik muzeyə yerləşdirilib. Bu bir neçə il ərzində zavodun fəaliyyəti ilə tanış olmaq üçün buraya müxtəlif turlar təşkil olunub. Tur iştirakçılarına bəzən artıq bildiyimiz əşyaların əslində necə də dəyərli və lazımlı olduğu çatdırılır. Məsələn, vaxtı ilə sahibi tərəfindən atılan, orta əsrlərə aid olduğu ehtimal olunan bir məktub qabı da laqeydliyin qurbanı ola bilərdi.

Kiçik guşədə sərgilənən bu tullantılar arasında həmçinin müxtəlif zamanlara aid olan qəpik pullarımızı da görmək mümkündür.

Toz içində çiçəklər: Zibil muzeyindəkilərinin yaşını bilən yoxdur - FOTO

100-dən artıq tapıntının sərgiləndiyi bu guşədəki nümunələr üzərində restavrasiya işləri aparılmasa da, mümkün olanı yuyulub-təmizlənir.

E.Məlikovun sözlərinə görə, guşədə sərgilənən bu tapıntıların heç biri bu vaxtadək dəyərləndirilməyib. Yaxın gələcəkdə onların ixtisaslı kadrlar tərəfindən dəyərləndiriləcəyi planlaşdırılır.