CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mif ardınca Buzovnaya: şamla işləyən hamam axtarırdıq, vandalizm tapdıq - FOTO

Mirzə Ağabəyli qeyd edir ki, Şeyx Bəhauddinin maraqlı ixtiraları olub. Ona şöhrət gətirən bir şam ilə qızdırılan hamam olub. Sonralar o hamamı söküb sirrini öyrənməyə çalışsalar da, buna nail ola bilməyiblər
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Buzovna qəsəbəsi tarixi abidələri ilə zəngindir. Burada "Hun" qəbiristanlığı, "Qara paltar piri", "Nəsrani" piri, Türbə, Əliayağı ziyarətgahı və s. tarixin süzgəcindən keçib, bu günə qədər gəlib çıxıb.

Qeyd edək ki, Buzovnada dörd el hamamı olub. Bunlar el arasında "Təhməzov", "Cabbarov", "Hacı Nurəli" və "Məşədi Veysəl" hamamları adlanıb. Onların bir neçəsi tamamilə sökülüb. Yerində evlər tikilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunlardan biri nisbətən yaxşı qalıb.

Mif ardınca Buzovnaya: şamla işləyən hamam axtarırdıq, vandalizm tapdıq - FOTO

Qapısı qırıldığı üçün qəsəbə sakinləri içərini zibilliyə çevirməsinlər deyə qapı yeri taxta parçaları ilə bağlanıb. Ancaq bizim insana qoruq-qaytaqmı var - içərinin zibili az qala bayıra daşır. Yəni birdən qapı yerini söküb içəri girmək istəsən, bu mümkün olmayacaq.

Kənd ağsaqqalı, Əməkdar artist Mirzə Ağabəylinin sözlərinə görə, hamam "Cabbarov" adlanır.

Mif ardınca Buzovnaya: şamla işləyən hamam axtarırdıq, vandalizm tapdıq - FOTO

Kənd sakini Fərhad Şıxəliyevin sözlərinə görə, həmin hamam 1892-ci ildə inşa edilib.

Çox zaman Buzovna hamamları üçün "şamla işləyən hamamlar" deyilsə də, kənd sakini bildirir ki, Buzovnada belə hamam ümumiyyətlə olmayıb: "Belə bir hamam Şeyx Bəhauddin (1546-1622) tərəfindən İsfahanda tikilmişdi. Araşdırmalara görə, o, dini elmlərlə yanaşı, dünyəvi elmləri də dərindən bilib. O, Səfəvi hökmdarı Şah Abbasın tikdirdiyi bir çox binaların memarı olub".

F.Şıxəliyev bildirib ki, bu hamamda "buxarxana" olub. İçəridə xüsusi barmaqlıq olub. Bu, uşaqların qorunması məqsədilə qoyulub.

"Hamamı mənim atam da işlədib. Xatırlayıram, həftənin bəzi günləri qadınlar, bəzi günləri kişilər hamama gələrdilər".

Mif ardınca Buzovnaya: şamla işləyən hamam axtarırdıq, vandalizm tapdıq - FOTO

Mirzə Ağabəyli qeyd edir ki, Şeyx Bəhauddinin maraqlı ixtiraları olub: "Belə ki, ona şöhrət gətirən bir şam ilə qızdırılan hamam olub. Sonralar o hamamı söküb sirrini öyrənməyə çalışsalar da, buna nail ola bilməyiblər. Azərbaycanda belə hamam yoxdur".

"Cabbarov" hamamı 1986-cı ilə qədər fəaliyyət göstərib. M.Ağabəyli deyir ki, əvvəllər bütün hamamlara nəzarət "Baksovet"də olub. Sonradan nəzarət müvafiq icra qurumlarına tapşırılıb. İcra qurumları isə bu işi tam həyata keçirə bilməyiblər. Hamamın tərkibində əvvəllər camaşırxana da olub.

Hazırda hamam çox baxımsız vəziyyətdədir. 130-a yaxın yaşı olan bina zibilxanaya çevrilib. M.Ağabəyli deyir ki, hamam təmir edilməsə də, məhv olmasının qarşısını almaq üçün binanın içi təmizlənəcək və yeni qapı qoyulacaq. Hamamın yanında su quyusu, hovuzu da olub. Ancaq hamısı sıradan çıxmış, zibillə doldurulmuş vəziyyətdədir.

Mif ardınca Buzovnaya: şamla işləyən hamam axtarırdıq, vandalizm tapdıq - FOTO

Ancaq indi bura da örüş yerinə çevrilib. Hamamın arxasında olan böyük ərazini ot-alaq basıb. Müxtəlif ağaclar bitməyə başlayıb.

Yəni bu tarixin gələcəyə gedib çıxması çox da mümkün görünmür.