CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada fövqəladə vəziyyət – Güclü qar bir neçə kəndi dünyadan ayırıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 11 saylı yol-istismar idarəsinin rəisi yolların təmizlənməsi üçün böyük bir briqadanın çalışdığını bildirir
Sputnik

Leyla Abdullayeva,  Sputnik  Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Bir neçə gün öncə Qubanın dağ kəndlərinə yağan qarın hündürlüyü 60-70 sm-ə çatıb. Güclü qarın yağması nəticəsində bir neçə kəndə gedən yollar bağlanıb. Rayonun Qarxur, Dəliqaya, Adur, Rük və bir neçə kəndinin rayonla əlaqəsi kəsilib.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Dalıqaya kənd sakini Alim İsmixanov rayonla əlaqə kəsildiyindən böyük çətinliklər yaşadıqlarını bildirib: "Üç gündür rayonla əlaqə kəsilib. Rayona təcili getmək istəyən olanda yaxın kəndə qədər atla getməlidir. Bu da həm çətindir, həm də təhlükəli. Çünki indi vəhşi heyvanların ac olduğu vaxtdır. Ən çətini də kənd sakinlərinin xəstələndiyi zaman rayona – xəstəxanaya gedə bilməməsidir”.

Bundan başqa güclü qar səbəbindən Dalıqaya kəndindəki uşaqlar da qonşu Zıxır kəndinə məktəbə getməkdə də çətinlik çəkirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 11 saylı yol-istismar idarəsinin rəisi İsgəndər Hacıyevlə əlaqə saxladıq. İdarə rəisi problemi bildiklərini və hal-hazırda yolların təmizlənməsi üçün böyük bir briqadanın çalışdığını bildirdi.