CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruzun ilk müjdəçisi: Xıdır Nəbi bərəkət paylayır - VİDEO - FOTO

İnsanlar bu cür unudulmaqda olan qədim milli adət-ənənənin bayram kimi nəsillərdən-nəsillərə ötürülərək yaşadılmasını olduqca vacib sayırlar
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndinin sakinləri yüzilliklərdən bəri özünəməxsus tarixi adət-ənənələrini bu günədək yaşadırlar. Sputnik Azərbaycan xəbər verir ki, bölgədə bahar bayramını hər kəsdən tez məhz bu kəndin sakinləri qeyd edirlər. Belə ki, kiçik çillənin sonuncu ongünlüyü fevralın 10-u bitdiyindən elə həmin gündən başlayaraq yazın müjdəçisi olan Xızır gecələri başlayır. Xızır peyğəmbərin adı ilə bağlı olan bu gecə yazın gəlişinin ilk müjdəçisi olduğundan yüz illərdir hər ilin bu günü bayram kimi keçirilir.

Novruzun ilk müjdəçisi: Xıdır Nəbi bərəkət paylayır - VİDEO - FOTO

“Xızır Nəbi gecəsi”, “Xızır bayramı”, “Xızır baba” kimi adlandırılan bayram uşaqdan-böyüyə, cavandan-qocaya bütün elliklə qeyd edilir. Hər il eyni tarixi bayram etməyi artıq adət halına salan sakinlərə hətta rayonun qonşu kəndləri də qoşulurlar. İnsanlar bayramı kəndin su, torpaq və alovun qovuşduğu yerdə - inanc yeri olan xan çinarının ətrafına toplaşaraq qeyd edirlər. Burada tonqal yandırır, niyyət tutaraq çinarın ətrafına dövrə vurur, nəzir paylayırlar. Sakinlər həmin gecəni baharın gəlişinin müjdəsi kimi sevinclə keçirirlər. Evlərdə şirniyyat bişirilir, bayram tonqalları yandırılır.

Novruzun ilk müjdəçisi: Xıdır Nəbi bərəkət paylayır - VİDEO - FOTO

Tovuz rayon sakini Məlahət Hacıyeva “Xıdır Nəbi” bayramının bütün Azərbaycanın əzəli bayramı olduğunu, əsasən əkinçiliklə məşğul olan əhali arasında keçirildiyini deyir:

"Novruza bizi qovuşduran çərşənbələr bu gündən başlayır. Rəvayətə görə, Xızır baba gələr, öz möcüzəli çubuğuyla təbiəti oyadar və beləcə yazın gəlişi başlar. Boranlı-şaxtalı qış geridə qalar. İnsanları bu çətinliklərdən qurtarmaq üçün Xıdır Nəbi bərəkət paylayır", - deyə məlumat verib.
Novruzun ilk müjdəçisi: Xıdır Nəbi bərəkət paylayır - VİDEO - FOTO

M.Hacıyeva bu bayramın fəlsəfi tərəfinin də olduğunu izah edir: "Bayram qış azuqəsinin qurtaran vaxtına düşür. Kiminsə öküzü, kotanı olub, kiminsə buğdası olub, kiminsə bişirdiyi mürəbbəsi olub, kiminsə bir çuval unu olub. Camaat qışın oğlan çağında bir-birinə kömək durmaq məqsədilə azuqələrini bir yerə yığaraq köməkli yaza çıxmağa çalışıb. “Yaman günün ömrü az olar”,”yaza qovuşarıq, inşallah” deyərək bunu bir bayrama çeviriblər”.

Yuxarı Öysüzlü sakinləri inanırlar ki, bu gündən sonra qışın məşəqqətləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur.

Rayon sakini Asif Qasımov bu cür unudulmaqda olan qədim milli adət-ənənənin təkcə Yuxarı Öysüzlü kəndi tərəfindən deyil, ümumiyyətlə regionda  bayram  kimi nəsillərdən-nəsillərə ötürmək üçün yaşadılmasını olduqca vacib sayır.

“Bu bayram Xızır peyğəmbərin adı ilə bağlıdır. Bayramda insanlar sevinc rəmzi olaraq şam, lopa yandırırlar. Bu bir işarə olur ki, biz soyuqdan istiyə keçid alırıq. Xızır Nəbi gəlib çubuğunu vuracaq, hər yer yaşıllıq olacaq, havalar isinməyə başlayacaq. Sevindirici haldır ki, Öysüzlü eli bu bayramı yaddan çıxarmır, hər il öz istəkləri, arzusu, diləkləri ilə inanc yerinə yığışaraq qeyd edir. Mən istərdim ki, heç bir adət-ənənəmiz unudulmasın, onları olduğu kimi yaşada bilək. Çünki bu bizim keçmişimizdir, tariximizdir. Biz bunu yaşatmağa borcluyuq”, – deyə bildirir.

Qeyd edək ki,  Xıdır Nəbi bayramından sonra yalançı, ardınca isə xəbərçi çərşənbə gəlir.