CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sanki kosmosdan düşüb - uşaqlarımıza yön göstərənləri nə ilə sınayırlar?

"Sanki bu suallar ya psixologiyadan uzaq olan şəxslər tərəfindən hazırlanıb, ya da xarici ədəbiyyatdan "Google" vasitəsilə ilə tərcümə edilib"
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Bu gün məktəblərdə psixoloji xidmətin vəziyyəti bizi qane etmir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BKTİ) müdiri Rəşad Tağıyev danışıb.

O qeyd edib ki, xüsusi hallar zamanı pedaqoji heyətlə yanaşı, psixoloqların da üzərinə məsuliyyət düşür: "Eyni zamanda Bakı şəhərində aparılan işə qəbul zamanı bizim elektron qaydada keçirdiyimiz müsabiqələrdə psixoloqların keçid balı digər vəzifələr üzrə olan keçid ballarından yüksəkdir".

Təhsil eksperti Qoşqar Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə psixoloji xidmətin vəziyyəti qaneedici deyil.

Mövcud psixoloqların iş rejiminə baxdıqda isə onların iş yükünün çox olduğu müşahidə edilir.

"Məsələn, 1500-2000 şagirdi olan məktəbdə bir psixoloq ştatı olur. Psixoloqların çoxunun peşə bacarıqlarına sahib olmadığı da görülür. Bunun səbəbi məlumdur. Bizim təhsil psixoloqu yetişdirməyə gecikməyimiz səbəbindən hər hansı bir bakalavr təhsilinə sahib insanlar müəyyən qısamüddətli kurslarla psixoloq peşəsinə yiyələndilər və məktəblərdə psixoloq ştatlarında yer aldılar. Ancaq onların müasir psixoloji yanaşmalar, şagird psixologiyası, psixoloji konsultasiya kimi mövzulardan bixəbər olduqları hamıya, o cümlədən məktəb rəhbərlərinə də məlumdur", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, psixoloqların az olması və mövcud psixoloqlardan bir çoxunun peşə bacarıqları cəhətdən səriştəsiz olması problemin əsas səbəbidir.

Qoşqar Məhərrəmov qeyd edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə İnsan Resursları mərkəzinin sertifikasiyası, psixoloqların müəyyən imtahanlara cəlb edilməsi gerçəkləşdirilir. Bu, yerində atılan bir addımdır.

Bakıda bir nəfər ən yüksək bal topladı – Psixoloqların imtahanında

"Bu imtahanlar imkan yaradacaq ki, kimin həqiqətən psixoloq olub-olmaması müəyyən edilsin. İşini bilməyən psixoloqlar bu işdən uzaqlaşdırılmalıdırlar. Sertifikasiyadan keçən psixoloqların isə müntəzəm surətdə təlimlərə cəlb edilməsi çox əhəmiyyətlidir. Çünki biliklər və psixoloji yanaşmalar, maraqlar daim yenilənir", - deyən ekspert xatırladıb ki, psixoloqlar bu biliklərdən uzaq qalırlar.

Q.Məhərrəmovun fikrincə, sertifikasiyadan sonra yaxşı psixoloqları seçib təlimlərə cəlb etmək lazımdır. Çünki yeni nəslin nümayəndələri yeni biliklər tələb edirlər. Onların tələblərinin ödənilməsi üçün isə psixoloqların daimi şəkildə öyrənməsi lazımdır.

Psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, psixoloqların sertifikasiyaya cəlb edilməsi onlarda məsuliyyət hissi yaradacaq.

"Psixoloqların sertifikasiya məsələsinin vətəndaşlarda rahatlıq hissi yaradacağına baxmayaraq, burada mənfi tərəflər də var. Mən həmin sualları oxumuşam. Sanki bu suallar ya psixologiyadan uzaq olan şəxslər tərəfindən hazırlanıb, ya da xarici ədəbiyyatdan "Google" vasitəsilə ilə tərcümə edilib", - psixoloq bildirib.

F.Mehmanqızı vurğulayıb ki, psixologiya dəqiq elm deyil. Buna görə də bəzi sualların cavabları bir-birinə bənzəyə bilər. Suallara cavablar şəxsin, hadisənin, keysin özünəməxsus şəkildə olduğu halda həqiqətə çevrilir: "Amma testlərdə bir-birinə yaxın cavabları A, B variantı kimi verirlər. Bu zaman psixoloqlar çıxılmaz vəziyyətdə qalırlar. Testlər psixologiyanın baxışlarına uyğun deyil. Psixologiyanın dəqiq, mülahizə, praktikada istifadə edilən, təlimdə istifadə edilən tərəfləri də var. Suallar isə nəzəriyyə deyil, praktika tərəfindən verilmişdi. Onlar bərbad vəziyyətdə idi".

Onun sözlərinə görə, bu suallarla bir çox psixoloqun haqqı tapdalanmış ola bilər.

"İmtahandan öncə komissiya yaradılmalı və hər bir psixoloqun işlədiyi şəraitə baxılmalıdır. Psixoloq savadlı ola bilər. Amma onun üçün zaman və şərait yaradılmalıdır.

Psixoloq nə zaman uşaqla işləməlidir? Hansı fənnin yerinə girməlidir? Psixoloqların da saatı olmalıdır. Heç olmasa, həftədə bir gün psixoloq üçün vaxt ayırılmalı, digər fənlərdə olduğu kimi psixoloq da ona ayrılan vaxtda sinifə girməlidir. Və ildə iki dəfə olan valideyn iclaslarında o, açıqlama verməlidir.

Eyni zamanda uşaqların BSQ qiymətləndirmə cədvəllərində psixoloqun uşağın psixoloji durumu haqqında olan fikri qeyd edilməlidir", - deyə F.Mehmanqızı əlavə edib.

Onun sözlərinə görə, psixoloqlara vaxt və otaq ayrılmalıdır. Təəssüf ki, bəzi məktəblərdə psixoloqların otaqları belə yoxdur. Psixoloqlar üçün şərait yaradılmalı, onlar kurslara göndərilməlidirlər.

F.Mehmanqızının fikrincə, məktəblərdə psixoloq ştatları artırılmalıdır. Və eyni zamanda psixoloqların uşaqlarla işləməsi onların qiymətləndirilməsində yerini almalıdır: "Belə olan şəraitdə psixoloq uşaqların davranışını müəyyən edərək nəyə meylli olduğunu öyrənə bilər. Psixoloqların uşaqlarla işləməsinin digər bir müsbət tərəfi isə peşə seçimində özünü göstər bilər. Yəni psixoloqlar uşaqlara bu istiqamətdə də yardım edə bilərlər".

Onun sözlərinə görə, uşaq bağçalarında belə psixoloq ştatları yaradılmalı, valideynlər də maarifləndirilməlidirlər.

"Qısacası, psxiloqların sertifikasiya edilməsi, imtahanlara cəlb edilməsi ilə iş bitmir. Psixoloqlara şərait yaradılmalı, onlara ləvazimat, saat verildikdən sonra onlar imtahanlara cəlb edilməlidirlər. Və ən əsası imtahan sualları azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmalıdır. Hazırda olan suallar sanki kosmosdan düşüb", - deyə o vurğulayıb.