CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lerikin dağ kəndlərinə bir metrdən çox qar yağıb – Hərəkət dayanıb

Lənkəran, Lerik, Astaranın dağlıq kəndlərinə gedən yollarda qarın çox yağması səbəbindən hərəkət çətinləşib. Amma həmin yollarda qar uçqunu olmayıb.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Bölgələrimizə yağan güclü qar bəzi dağlıq kəndlərin rayon mərkəzləri ilə əlaqəsini kəsib.

Qar bakılıları peşman elədi: həkimlik oldular

Sputnik Azərbaycan-ın məlumatına görə, Lerik rayonunun bir sıra dağlıq ərazilərindəki kəndlərə, eləcə də Rvarud kəndinə 1 metr 20 sm qar yağıb.

Nəticədə Lerikin Çayrud, Rvarud, Andurma, Veri, Rəzgov, Anzoli, Təngəbin kəndlərinə gedən yollar bağlanıb. Bu kəndlərin sakinləri rayon mərkəzinə getməyə yol tapmırlar. Qar örtüyünün hündürlüyünün 1 metri keçməsi nəticəsində kəndin əsas yolları keçilməz olub. Sakinlərin verdiyi məlumata görə, hazırda bu kəndlərdə nəqliyyatın hərəkəti mümkünsüzdür. Məlumata görə, qar hələ yağmaqda davam edir.

Sputnik Azərbaycan-a açıqlamasında Lerik rayon 52 saylı yol istismar idarəsinin baş mühəndisi Ziyafət İsmayılov bildirib ki, qarın yağması nəticəsində dağlıq kəndlərin əksəriyyətində yollarda hərəkət çətinləşib: "Elə dağlıq kəndlər var ki, qar örtüyünün hündürlüyü 90 sm-ı keçib. İdarənin işçiləri səhər saat 7-dən yollardadır. Bütün texnikalar yolların təmizlənməsinə cəlb olunub. Artıq Lənkəran-Lerik yolu açılıb. Rvarud kəndinə gedən yolun da çox hissəsi qardan təmizlənib. Bu istiqamətdə iş davam edir".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dağlıq kəndlərin əksəriyyətində qarın yağması səbəbindən yollarda hərəkət çətinləşib. Amma A.Nəcəfli heç bir dağlıq kənddə yolun bağlanmadığını bildirib: "Lənkəran, Lerik, Astaranın dağlıq kəndlərinə gedən yollarda qarın çox yağması səbəbindən hərəkət çətinləşib. Amma həmin yollarda qar uçqunu olmayıb. Yəni yollarda xüsusi nəqliyyat vasitələrinin hərəkəti mümkündür. Amma bununla belə, yollarda qarın təmizlənməsi istiqamətində işlər davam etdirilir ki, qarın yağması hərəkətdə problem yaratmasın".

A.Nəcəfli deyib ki, qarın yağması davam etdiyindən, təmizlənən yollar yenidən qarla örtülür.