Sürə bilməyən yola çıxmasın - xəbərdarlıq

Sürücülərə səhər və axşam saatlarında, xüsusilə də körpülərin üzərindən keçərkən son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir
Sputnik

BAKI, 11 fevral — Sputnik. Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə və piyadalara təkrar müraciət edib.

Bakıya qar yağmasını əngəlləyən səbəb məlumdur

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə qeyd edilib ki, son günlər respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsi, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda qar yağması və yolların buz bağlaması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə Baş DYP İdarəsi bir daha sürücülərə səhər və axşam saatlarında, xüsusilə də körpülərin üzərindən keçərkən son dərəcə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir.

Qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq belə hava şəraitində nəqliyyat vasitələrini idarəetmə təcrübəsi az olan sürücülərin bu günlərdə sükan arxasına əyləşməmələrini, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün buzlu olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir.