BAKI, 11 fev — Sputnik. Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən “TOUREST2020” beynəlxalq sərgisində ölkəmizi Azərbaycan Sağlıq və Termal Turizmə dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev və “Aydan” Azərbaycan mədəniyyət evi təmsil edib.
AHTTSA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, stendi ziyarət edən yerli vətəndaşlara Azərbaycan və onun tarixi, mədəniyyəti, mətbəxi, turizm və sağlamlıq turizmi, termal müəssisələri haqqında ətraflı məlumat verən Ruslan Quliyev sərginin ilk günü təşkilatçılar tərəfindən təşkil olunan Qala gecəsində iştirak edib. Qala gecəsində “Azərbaycan saatı”nın təqdimatı təşkil olunub.
Giriş sözü ilə qonaqları salamlayan Ruslan Quliyev Avropada, xüsusilə Baltikyanı ölkələrin insanlarının Azərbaycana marağından bəhs edib. Təqdimat zamanı Azərbaycan turizmi, o cümlədən sağlamlıq turizmi, kurort zonaları Naftalan, Qalaaltı, həmçinin ölkə brendi haqqında məlumat verilib. Həmçinin tədbirdə iştirak qonaqlar üçün Azərbaycan şərablarının dequstasiyası təşkil edilib.
Pul da getdi, istirahət də - Turizm şirkəti müqavilədən asanlıqla imtina edə bilər
Sərginin növbəti günündə isə Estoniyada fəaliyyət göstərən turizm agentliklər və tur operatorlar üçün təqdimat keçirilib və Azərbaycanın yeni turizm brendi təqdim olunub. Təqdimatda dünya şöhrətli bəstəkar Peeter Vahi Azərbaycan haqqında təəssüratlarını bölüşərək hər kəsi ölkəmizə ziyarət etməyə səsləyib.
“Turizm həm də bir diplomatiya işi və xalqların dostluğudur” fikri ilə təqdimata başlayan AHTTSA prezident Ruslan Quliyev yaxın zamanlarda Baltikyanı ölkələrinin turizm şirkətləri və tur operatorları üçün Azərbaycana info turların təşkil olunacağı ilə bağlı məlumat verib.
Qeyd edək ki, AHTTSA-nın 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərindən biri ölkəmizin sağlamlıq turizm və turizm potensialını, mövcud turizm marşrutlarını, mədəniyyətini, mətbəxini və s. beynəlxalq müstəvidə tanıtmaqdır.
Təqdimatda Azərbaycanın Latviyada fəaliyyət göstərən Azərbaycan mədəniyyət evinin rəhbəri Rüfət Quliyev də iştirak edib.