Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 fevral — Sputnik. Dünyada yayılan koronavirus epidemiyası Azərbaycan turizmindən də yan keçməyib. Dəhşətli virusun gətirdiyi bəla turizmə də zərbə vurur. Artıq Çindən ölkəmizə turizm turlarına qadağalar qoyulub.
Sputnik Azərbaycan Çinin Uhan şəhərində yayılan CoV virusunun Azərbaycanda turizmə və tur şirkətlərinə təsirini araşdırıb.
Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə açıqlamasında bildirib ki, Çinin Uhan şəhərində koronavirus yayıldıqdan sonra həm ölkəmizdən Çinə gedən, həmçinin də Çindən Azərbaycana gələn turistlərin sayında azalma var: "12 ay ərzində Çindən Azərbaycana 22 min çinli gəlib. Orta hesabla ayda Çindən Azərbaycana iki min nəfər çinli gəlib. Onların arasında turistlər olsa da, hamısını turist saymaq olmaz. Aralarında tələbələr, biznes məqsədilə gələnlər də vardı. Yanvar ayının sonlarına yaxın Azərbaycandan Çinə gedənlərin sayında 50 faiz, onlardan bizə gələnlərin sayında 20 faiz azalma qeydə alınıb. Bu Çindən Azərbaycana birbaşa aviareyslərin dayandırılmasına qədər olan statistikadır".
K.Quluzadə deyir ki, virus təhlükəsi Çindən Azərbaycana turist axınına mənfi təsir göstərib. Onun sözlərinə görə, turistlərin biletləri komissiyasız, tur paketlər heç bir ödəniş tələb olunmadan geri qaytarılır: "Bu fors-major halı hesab olunur. CoV virusunun yayılmasından sonra Çin üzrə turizmlə bağlı strategiyada taktiki dəyişikliklər olsa da, ümumi strategiyada dəyişiklik yoxdur. Azərbaycan Çinlə turizmin inkişafı məqsədilə memorandum imzalayıb. Azərbaycanın Çində nümayəndəliyi fəaliyyət göstərir. Virus təhlükəsi aradan qalxdıqdan sonra nəzərdə tutulan işlərə yenidən start veriləcək".
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) eksperti, "Travelon" turizm şirkətinin rəhbəri Rəşad Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus təhlükəsi ilə bağlı Çindən ölkəmizə turizm turlarına qadağa qoyulub: "Amma bu müvəqqəti xarakter daşıyır. Fevral ayından virus təhlükəsi səngiyən kimi, Çində planlaşdırılmış böyük işlərimizə başlamağı nəzərdə tuturuq".
R.Vəliyev deyir ki, virusun yayılmasından sonra Azərbaycan Çinə birbaşa uçuşları dayandırdığından, Çindən Azərbaycana gəlmək üçün tur paket alan turistlərin bir qismi öz səyahətlərini təxirə salmağa başlayıblar: "Çin özü 50-60 faiz turist vətəndaşlarını başqa ölkələrə buraxmır. Amma buna rəğmən şəhərimizdə çinli turistlər var. O ki qaldı Çindən Azərbaycana tur paketlərin ləğvi, qeyd etdiyim kimi, əsasən birbaşa uçuşların dayandırılması ilə bağlıdır. Reyslər ləğv olunubsa, deməli çinli turistlər Azərbaycana gəlməyin dolayı yolunu tapmalıdırlar. Birbaşa uçuşlarla müqayisədə dolayı yolla uçuşlar isə baha başa gəlir. Bu da öz növbəsində tur paketin qiymətinin artmasına səbəb olur. Elə əksər çinli turistlər də buna görə tur paketi ləğv etdirirlər".
Həmsöhbətimiz deyir ki, Çindən Azərbaycana birbaşa uçuş təxminən 1000 dollara başa gəlirsə, dolayı yolla gəldikdə bu xərc bir qədər artır: "Burada söhbət təkcə maddi məsələdən getmir. Birbaşa aviareyslər turistlərin rahat gəlib-getməsini təmin edir. Turist getdiyi ölkəyə dolayısı gəlirsə, rahatlığı olmayacaq. Bu üzdən də çinli turistlər öz istəklərinə görə bu turların ləğvini istəyirlər".
Amma buna rəğmən tur paket alan çinli turistlərin ölkəmizə gəlməsinə heç bir məhdudiyyət yoxdur: "Əgər çinli turist tur paket alıbsa və dolayı yolla da olsa Azərbaycana gəlməkdə israrlıdırsa, ona məhdudiyyət qoyulmur. Azərbaycanın hava yollarında səhiyyəmiz koronavirusun ölkəmizə gəlməsinin qarşısını almaq üçün çox ciddi tədbirlər keçirir. Buna görə narahat olmağa dəyməz".
Məlumat üçün qeyd edək ki, Çinin Səhiyyə üzrə Dövlət Komitəsinin yaydığı xəbərə əsasən, koronavirusa yoluxanların sayı 40 mini keçib. Çində yeni növ koronavirusdan ölənlərin sayı 908 nəfərə çatıb. Bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.