CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MDB müşahidə missiyası: Azərbaycanda azad seçkilər üçün hər şey edilib

"MSK-nın və dairə seçki komissiyalarının işi milli qanunvericiliyə əsaslanır. Biz regionları ziyarət edərkən buna əmin olduq"
Sputnik

BAKI, 9 fevral — Sputnik. “Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin açıq, azad və demokratik keçirilməsi üçün çox böyük iş aparıb”.

Sputnik Azərbaycan bildirir ki, bunu Secki-2020.az saytına açıqlamasında MDB Müşahidə Missiyasının rəhbəri Viktor Quminski deyib.

O bildirib ki, MDB Müşahidə Missiyasının tərkibində 8 ölkədən 250 müşahidəçi daxildir:

“Ukrayna və Ermənistandan missiyanın tərkibində nümayəndə yoxdur. Həmçinin bizim missiyaya MDB Parlamentlərarası Assambleyası və İcraiyyə Komitəsindən də nümayəndələr daxildir. Biz yanvarın 19-dan işə başlamışıq, nümayəndələrimiz indiyədək ölkənin 20-dən çox regionunda olub. Mən özüm isə Quba və Şamaxıda olmuşam. Aydın görünür ki, MSK və aşağı seçki komissiyaları seçkilərin mütəşəkkil, açıq, azad və demokratik keçirilməsi üçün lazımı səviyyədə iş aparıb. Komissiyalar öz işini bilir, hər şey qanun əsasında həyata keçirilir”.

V.Quminski budəfəki parlament seçkilərində deputatlığa namizədlərin sayının çoxluğunun da diqqət çəkdiyini vurğulayıb.

Onun sözlərinə görə, ölkədə qanunvericilik orqanına etimad artır, vətəndaşlar Azərbaycanın taleyinə biganə deyillər: “MSK-nın və dairə seçki komissiyalarının işi milli qanunvericiliyə əsaslanır. Biz regionları ziyarət edərkən buna əmin olduq. Bu gün məntəqələrin açılışında iştirak etdik. Çox böyük iş görülüb”.