Koronavirusdan ölənlərin sayı SARS-ın qurbanlarını üstələdi

Mütəxəssislərin rəyinə görə, atipik pnevmoniyanın təhlükəsi koronavirusu ölüm səviyyəsinə görə üstələyir. Çünki SARS epidemiyası zamanı ölüm faizi 9.56% idisə, koronavirusdan ölüm səviyyəsi isə hazırda 2.2%-dir
Sputnik

BAKI, 9 fevral — Sputnik. Yeni tip koronavirusdan ölənlərin sayı 2002-2003-cü illərdə atipik pnevmoniya - SARS-dan ölənlərin sayını üstələyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, son məlumatlara görə, koronavirusdan 813 nəfər dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2003-cü ilin sonuna olan hesabatında dünyanın təxminən 30 ölkəsində SARS epidemiyasından ölənlərin sayı 774 nəfər göstərilib.

Ancaq mütəxəssislərin rəyinə görə, atipik pnevmoniyanın təhlükəsi koronavirusu ölüm səviyyəsinə görə üstələyir. Çünki SARS epidemiyası zamanı ölüm faizi 9.56% idisə, koronavirusdan ölüm səviyyəsi isə hazırda 2.2%-dir.

2019-cu il dekabrın 31-də Çin hökuməti ÜST-ə Uhan şəhərində sətəlcəm yayılması barədə xəbər verib. Xəstəliyin törədicisi 2019-nCoV yeni tip koronavirusdur.