BAKI, 8 fevral — Sputnik. ABŞ Prezidenti Donald Tramp impiçment işi üzrə onun əleyhinə ifadə verən iki nəfəri işdən qovub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN yazıb.
Söhbət Amerikanın Avropa İttifaqındakı səfri Qordon Sondland və ABŞ Milli Təhlükəsizlik Şurasında Ukrayna üzrə mütəxəssis Aleksandr Vindmandan gedir. Onlar hər ikisi Konqresin Nümayəndələr Palatasında çıxış edib, bu isə palataya nəzarət edən demokratlara dövlət başçısına qarşı ittiham irəli sürməyə imkan verib.
Trampın müşavirlərindən biri qeyd edib ki, əsas şahidlərin işdən qovulması Prezidentə qarşı birləşməyin yolverilməz olduğuna bir xəbərdarlıqdır.
Telekanal bildirir ki, Vildman vəzifəsindən gözlənildiyindən bir neçə ay əvvəl çıxarılıb. O, iyuladək vəzifədə qalmağı düşünürmüş. Bundan başqa, "qəflətən, hər hansı səbəb izah edilmədən, bu ölkəyə iyirmi il sədaqətli xidmətdən sonra" onun əkiz qardaşı Yevgeni Vindman da MTŞ-dən qovulub. Qeyd olunur ki, Y.Vindman impiçment və Ukrayna ilə bağlı heç vaxt ifadə verməyib və kütləvi çıxışlar etməyib.
Sonlandın işdən çıxarılması barədə fevralın 7-də məlum olub. Öz ərizəsində sabiq səfir hətta dövlət başçısına Vətənə xidmət üçün şərait yaratdığına görə tyəşəkkür də edib. CNN yazır ki, diplomatın münasibətləri Konqresdəki ifadəsindən sonra xeyli pisləşib, o hətta Ukrayna istiqamətindəki işindən də kənarlaşdırılıb.
Fevralın 5-də Konqresin Senatı hakimiyyətdən sui-istifadə etməkdə və Konqresin işinə mane olmaqda günahlandırılan D.Trampı təmizə çıxarıb. Prezidentin impiçmenti üçün lazımi səs toplanmayıb.
Demokratlar sübut etməyə çalışırdılar ki, Ağ Evin sahibi Ukrayna Prezidenti Vladimir Zelenskiyə təsir etməyə çalışaraq, onun Co Baydenin oğlu barəsindəki korrupsiya işinin araşdırılmasında köməyinə nail olmaq istəyib. 2020-ci ildəki prezident seçkilərində Co Baydeni Trampın ən perspektivli rəqibi hesab edirdilər.