BAKI, 8 fevral — Sputnik. Tailandda əsgərin dinc sakinləri güllələməsi nəticəsində 20 nəfər ölüb, 21 nəfər yaralanıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə polisin məlumatı "Thai Rat TV"nin efirində oxunub.
Məlumatda həmçinin qeyd olunub ki, yaralıların sayı son saatlarda xəstəxanalara çatdırılanların sayı ilə eynidir və hələ dəqiqləşdiriləcək.
Bu gün Tailandın quru qoşunlarına məxsus hərbi hissələrdən birində əsgər Cakrapant Tomma əvvəl komandirini və iki əsgəri öldürüb, sonra Nakhon Ratçasima şəhərində küçədəki insanlara atəş açıb. Əsgər hərbi hissədən "HamVee" avtomobilini qaçırıb, bütün şəhərin küçələri ilə keçərək yoldakı insanları avtomatla biçib. Ticarət mərkəzlərindən birinin yanında maşını saxlayıb, əvvəlcə buraya qumbaraatanla atəş açıb. Nəticədə birinci mərtəbədə yanğın başlayıb. Yanğın xilasedicilər tərəfindən söndürülüb.
Əsgər isə 16 nəfəri ticarət mərkəzində girov saxlayıb. Hücum zamanı o, Facebook-da canlı yayım açıbmış. Videolarından birində Tomma deyib ki, insanlara atəş açmaqdan yorulub, barmaqlarını tərpədə bilmir.
"Khaosod" nəşri əsgərin peşəkar snayper olduğunu, dəfələrlə gülləatma yarışlarının əsas mükafatlarını qazandığını yazıb.
Xüsusi təyinatlılar hadisənin cərəyan etdiyi "Terminal 21" ticarət mərkəzini mühasirəyə alsalar da, hələlik fərari qatili ələ keçirə bilməyiblər. Məlumdur ki, Tomma hərbi hissədən qaçarkən özü ilə əl qumbaraatanı və 700 patron götürüb.
Əsgərin anasını da ticarət mərkəzinə gətiriblər ki, oğlunu təslim olmağa vadar etsin.