Özünü öldürdü, uşaqlarını etiraz etdikləri himayəyə götürdülər

Uzun müddətdir ki, işsizlikdən əziyyət çəkən ata "övladlarıma evə çörək apara bilmirəm" deyərək Hatay valiliyinin önündə özünü yandırıb. Amma ölüm səbəbi başqa olub
Sputnik

BAKI, 8 fevral — Sputnik. "Övladlarım acdır" deyib üsyan edərək iş axtardığını deyən, Türkiyənin Hatay vilayətində yaşayan Adəm Yarıcı dünyasını dəyişib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, uzun müddətdir ki, işsizlikdən əziyyət çəkən ata övladlarına evə çörək apara bilmədiyi səbəbindən Hatay valiliyinin önündə üsyan edərək özünü yandırıb. Polislərin müdaxiləsi ilə həmin şəxsə ilkin yardım göstərilib. O, övladlarına görə belə bir addım atdığını söyləyib. Daha sonra xəstəxanaya yerləşdirilən kişi orada infarkt keçirərək dünyasını dəyişib.

Bununla bağlı olaraq Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül sosial şəbəkə hesabında paylaşım edib. O: "Bu ölkəni soyan acgözlər, bu şəxsin şəklinə yaxşı-yaxşı baxın! Bu, adamın içini param-parça edən bir şəkildir. Övladlarına çörək apara bilməyən çarəsiz ata özünü yandırıb, sonradan dünyasını dəyişib. Təəssüflər olsun belə bir sistemə", - yazıb.

Başqa bir məşhur müğənni Haluk Levent isə Adəm Yarıcının uşaqlarını Hatay valiliyinin himayəyə götürdüyünü yazıb.