Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 7 fevral — Sputnik. Güclü külək nəticəsində paytaxtda 11 ağaca ziyan dəyib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, dünən axşam saatlarından başlayan güclü külək ümumilikdə 11 ağacın aşmasına səbəb olub: "Güclü külək paytaxtın Nəsimi, Yasamal rayonlarında ciddi fəsadlara yol açıb. Hazırda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları səhərə qədər ərazilərdə aşmış və qəzalı vəziyyətdə olan ağacların yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görür".
O.Məmmədov bildirib ki, külək nəticəsində əsasən sağlam ağaclara ziyan dəyib. Şöbə rəisi bildirib ki, ağacların aşması nəticəsində iki avtomobilə də zərər dəyib.